- Bu məqsədlə parlament binası qarşısında deputatlara qarşı ictimai təzyiq aksiyalarının təşkili də istisna edilmir
“Parlament müxalifətini yeni konstitusiyanın qəbuluna dair referendum layihəsini dəstəkləməyə məcbur etmək cəhdi Nikol Paşinyan hökumətinin devrilməsi ilə nəticələnə bilər”.
Bunu parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan deyib.
O qeyd edib ki, referendumun keçirilməsinin məqsədəuyğunluğunu hakimiyyət və müxalifətin müzakirəsi üçün layihə Milli Məclisə təqdim olunacaq. Narek Karapetyan iddia edib ki, müxalifət onun keçirilməsinə imkan verməyəcək. Ermənistan Baş naziri Nikol Paşinyanın referendum layihəsini dəstəkləməsi üçün müxalifətə ictimai təzyiq göstərməklə hədələməsi barədə suala cavabında fraksiya rəhbəri qeyd edib: “Səsverməyə məcbur etmək konstitusiya quruluşunun devrilməsi deməkdir”. Xatırladaq ki, Nikol Paşinyan oktyabr ayında yeni konstitusiyanın qəbul edilməsi məsələsində müxalifətin dəstəyini ictimai təzyiq vasitəsilə əldə edəcəyini bəyan etmişdi.
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan parlamentdə referendumun təyin olunmasına nail olmaq üçün müxalifət deputatlarına ictimai təzyiq göstərilməsi ehtimalını gündəmə gətirib. Onun sözlərinə görə, baş nazir parlament binası qarşısında insanların toplaşaraq müxalifət nümayəndələrinə təzyiq göstərə biləcəyini istisna etməyib: 
“Paşinyan bu yolla istədiyi nəticəyə nail ola bilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinə getmək variantını da nəzərdən keçirir. Yəni parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ehtimalı da mövcuddur. Bu halda Paşinyanın əsas məqsədi referendumun əleyhinə çıxan müxalifət deputatlarının növbəti seçkilərdə parlamentə qayıtmasının qarşısını almaq və onların siyasi gələcəkləri ilə bağlı narahatlıqlarından istifadə etməkdir. Bu, müxalifət deputatlarına qarşı kifayət qədər ciddi siyasi təzyiq vasitəsidir. Çünki deputatların bir qismi növbədənkənar seçkilərdə yenidən mandat qazana bilməyəcəyindən ehtiyatlanaraq referendumun lehinə səs verməyə məcbur qala bilər. “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan da məhz bu cür təzyiq cəhdlərinə etiraz edib”. O, deputatların ictimai və siyasi təzyiq altında referendumun lehinə səs verməyə məcbur edilməsini konstitusiya quruluşuna qəsd kimi qiymətləndirib: “Referendum ətrafında mübahisə tədricən konstitusiya dəyişikliyinin özündən daha geniş siyasi qarşıdurmaya çevrilir. Parlament deputatlarına təzyiq göstərilməsi özlüyündə Paşinyan hakimiyyətinin devrilməsi təhlükəsi yaratmır. Burada əsas məsələ müxalifətin bu cür təzyiq cəhdlərini konstitusiya quruluşuna qəsd kimi qiymətləndirməsi və siyasi qarşıdurmanın daha da dərinləşməsi ehtimalıdır. Paşinyan belə addımlar atmağa başlayarsa, bu, Ermənistanda ictimai-siyasi vəziyyəti gərginləşdirə bilər. Baş nazirin növbədənkənar parlament seçkilərinə getməsi isə kifayət qədər riskli qərar olardı. Çünki belə bir ssenaridə Paşinyan həm daha böyük qələbə qazana, həm də seçkiləri uduza bilər. Buna görə də o, parlamenti buraxmaq qərarı verməzdən əvvəl bütün mümkün nəticələri ciddi şəkildə təhlil etməli və seçkilərdə qalib gələcəyinə əmin olmalıdır”.
Abutalıb Səmədovun qənaətinə görə, hələlik Paşinyanın əsas hədəfi müxalifət deputatlarına siyasi və ictimai təzyiq göstərməklə onların bir qismini referendumun lehinə səs verməyə razı salmaqdır. Bu məqsədlə parlament binası qarşısında deputatlara qarşı ictimai təzyiq aksiyalarının təşkili də istisna edilmir.