Çinli alimlər saç tökülməsinə qarşı elektrik impulsları və genetik müalicə üsullarını birləşdirən elektron daraq hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübələrdə 28 gün ərzində saçların yenidən çıxma göstəricisi 97,85 faizə çatıb.
Sherg.az xəbər verir ki, Pekindəki Beihang Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan “Detangle” adlı bioelektron cihazın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Daraq formasında hazırlanan cihaz elektrik impulsları vasitəsilə saç köklərini stimullaşdırır, xüsusi mexanizm sayəsində isə müalicəvi molekulların dərinin daha dərin qatlarına nüfuz etməsini təmin edir.
Təcrübələrdə ən yüksək nəticə elektrik stimulyasiyasının iki eksperimental genetik müalicə üsulu ilə birlikdə tətbiqi zamanı əldə edilib.
Alimlər bildirirlər ki, cihaz hələlik yalnız siçanlar üzərində sınaqdan keçirilib. İnsanlarda təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.