Bakı TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasını tələb edir

Azərbaycan Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin texniki parametrlərinin Bakı ilə razılaşdırılmasında israrlıdır. Söhbət layihənin 43 kilometrlik hissəsindən gedir.

Sherg.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub.

Nazir bildirib ki, dəhlizin giriş və çıxış nöqtələri Azərbaycanla sərhəddə yerləşdiyindən layihənin texniki parametrləri mütləq Bakı ilə razılaşdırılmalıdır.

Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycanla əlaqə olmadan bu nəqliyyat dəhlizinin heç bir mənası yoxdur.

XİN rəhbəri əlavə edib ki, ABŞ-ın təşəbbüsü ilə üçtərəfli texniki işçi qrupunun yaradılması barədə qərar qəbul edilib. Həmin qrup noyabrın 6-da fəaliyyətə başlayıb.