Alban-Udi icmasının nümayəndələri Amaras monastırında ilk dəfə dini ayinlər icra ediblər

Alban-Udi xristian dini icmasının nümayəndələri Xocavənd rayonunda yerləşən Amaras monastırını ziyarət ediblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ziyarət çərçivəsində qədim məbəddə dini ayinlər yerinə yetirilib, dualar oxunub, şamlar yandırılıb.

IV əsrə aid olan Amaras monastırı Qafqaz Albaniyasının qədim dini irsinin mühüm nümunələrindən biri hesab olunur. Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən abidə vaxtilə Qafqaz Albaniyasının mühüm dini və yepiskopluq mərkəzlərindən biri olub.

Bildirilib ki, Alban-Udi xristian dini icmasının nümayəndələri bundan əvvəl Qarabağ və Şərqi Zəngəzurda yerləşən digər qədim Alban məbədlərini, o cümlədən Laçındakı Ağoğlan və Kəlbəcərdəki Xudavəng monastırlarını ziyarət ediblər.

Amaras monastırına səfər isə icma nümayəndələrinin ilk ziyarətidir.