Ərdoğan müsəlman ölkələrinə İsraillə bağlı çağırış etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrini Qəzza zolağında humanitar fəlakətin dayandırılması üçün İsrailə təzyiqləri artırmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxışı zamanı bildirib.

“İsrailin tətbiq etdiyi qeyri-insani məhdudiyyətlər səbəbindən Qəzzada humanitar fəlakət yaşanır. Soyuqdan titrəyən uşaqların dizə qədər suyun içində qalması, sığınmaq üçün çadırlarının belə olmaması Qəzzada ürəkdağlayan mənzərə yaradır. Biz müsəlmanlar olaraq İsrailə təzyiqlərin artırılmasına nail olmalıyıq”, - Ərdoğan qeyd edib.

Türkiyə lideri ölkəsinin Qəzzaya konteyner tipli evlər göndərməyə hazır olduğunu da açıqlayıb:

“Qəzzaya konteynerlər göndərməyə hazırıq. Başqaları gözlərini və qulaqlarını bağlasalar belə, Qəzzada baş verən zülmə səssiz qalmayacağıq və humanitar borcumuzu yerinə yetirməyə davam edəcəyik”.