Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub

Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib.

Sherg.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilb ki, yeni Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minməsi, Prezidentin bununla bağlı müvafiq Fərmanının icrası və sahədə tətbiq olunan yeni hüquqi tənzimləmələr nəzərə alınaraq, 16 noyabr 2026-cı ildə elan edilmiş daxili müsahibə ləğv edilib.

İlin sonunadək keçiriləcək müsahibələrdə namizədlərə yeni Məcəllə ilə qüvvədən düşmüş hüquqi aktların yalnız Dövlət Qulluğu Məcəlləsi ilə üst-üstə düşən müddəalarından suallar veriləcək. Digər hüquqi aktlar və mövzular üzrə qiymətləndirmə isə əvvəlcədən elan edilmiş proqramlar əsasında aparılacaq.

DİM-dən bildirilib ki, imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.

16 noyabrda qüvvəyə minmiş Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, 4 dekabr tarixində keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu imtahanda iştirak etmək üçün namizədlərin ödədikləri vəsait onların şəxsi kabinet hesablarına qaytarılacaq.

4 dekabr tarixində BB vəzifə altqrupu və 13 dekabr tarixində A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanı zamanı namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl müəyyən edilmiş proqram üzrə - qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkürlə bağlı suallar təqdim ediləcək.

İmtahan zamanı qanunvericilik proqramına aid test tapşırıqları Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə eyniyyət təşkil edən normaları ilə bağlı olacaq.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə 2 il müddətinə qüvvədə olan “Dövlət qulluğu sertifikatı” veriləcək.