Tural İsmayılov: “Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur”
Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi və enerji sahəsində əməkdaşlığın dərinləşməsi ilə səciyyələnir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, ölkəmizin beynəlxalq nəqliyyat və logistika marşrutlarında, xüsusilə Orta Dəhlizdə strateji mövqeyi Bakı ilə Berlin arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Tərəflər arasında qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yüksək səviyyəli təmaslar xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın xarici işlər naziri Yohann David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi iki ölkə arasında münasibətlərin aktual gündəliyinin müzakirəsi və gələcək əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı dövlət başçısının bu ilin iyulunda Almaniyaya rəsmi səfəri çərçivəsində əldə olunmuş razılaşmalar, imzalanmış birgə sənədlər və onların ikitərəfli əlaqələrin inkişafına verəcəyi töhfələr diqqət mərkəzində olub. Eyni zamanda, siyasi, iqtisadi, enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivləri və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş bir daha göstərir ki, Azərbaycan-Almaniya əlaqələri qarşılıqlı maraqlara və uzunmüddətli tərəfdaşlıq perspektivlərinə əsaslanaraq yeni mərhələyə qədəm qoyur.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Azərbaycan ilə Almaniya arasında Strateji Tərəfdaşlıq Gündəliyinin imzalanması ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır:

“Bu sənədin əsas mahiyyəti ondan ibarətdir ki, Bakı ilə Berlin arasındakı əməkdaşlıq ayrı-ayrı sahələr üzrə təmaslardan daha geniş institusional və strateji çərçivəyə keçir. Almaniya Avropa İttifaqının aparıcı iqtisadiyyatlarından, Avropanın siyasi qərarvermə prosesində mühüm təsir imkanlarına malik dövlətlərindən biridir. Azərbaycan isə Cənubi Qafqazda geosiyasi mövqeyi, enerji resursları, nəqliyyat-kommunikasiya imkanları və regional təhlükəsizlik məsələlərindəki rolu ilə Almaniya üçün əhəmiyyətli tərəfdaşdır. Bu baxımdan Strateji Tərəfdaşlıq Gündəliyi münasibətlərin siyasi dialoq, iqtisadi əməkdaşlıq və uzunmüddətli maraqlar əsasında inkişafına yeni imkanlar yaradır. Sənədin əhəmiyyəti həm də əməkdaşlığın konkret mexanizmlərlə möhkəmləndirilməsi ilə bağlıdır. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması biznes dairələri arasında birbaşa əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların təşviqinə və yeni iqtisadi layihələrin formalaşmasına şərait yarada bilər. Almaniya texnologiya, sənaye, maşınqayırma, innovasiya və yaşıl iqtisadiyyat sahələrində böyük təcrübəyə malikdir. Azərbaycanın isə enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal inkişaf istiqamətlərində əməkdaşlıq potensialı mövcuddur. Bu iki imkanın uzlaşdırılması iqtisadi münasibətlərin enerji sektorundan kənara çıxmasına və daha şaxələndirilmiş tərəfdaşlığın formalaşmasına xidmət edə bilər”.
Analitik qeyd edib ki, digər mühüm məsələ Almaniyanın Azərbaycanla münasibətlərə regional və Avropa təhlükəsizliyi kontekstində yanaşmasıdır:
“Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması, Orta Dəhlizin inkişafı, Avropa ilə Asiya arasında yükdaşımaların genişləndirilməsi və enerji marşrutlarının şaxələndirilməsi Berlinin iqtisadi və strateji maraqları ilə uzlaşır. Azərbaycan bu proseslərdə coğrafi mövqeyinə görə tranzit ərazisindən daha artıq əhəmiyyət daşıyır. Ölkəmizin liman, dəmir yolu, avtomobil infrastrukturu və enerji nəqli sistemlərinə yatırdığı investisiyalar Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır. Almaniya ilə əməkdaşlığın genişlənməsi bu potensialın Avropa iqtisadi məkanına inteqrasiyasını sürətləndirə bilər”
Azərbaycan qazının Almaniyaya ixracına gəlincə, politoloq söyləyib ki, bu hadisə ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki mövqeyinin genişlənməsinin mühüm göstəricisidir:
“Avropa son illərdə enerji təchizatında mənbələrin və marşrutların şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bu siyasət enerji təhlükəsizliyini ayrı-ayrı ölkələrin və ya məhdud sayda təchizatçıların imkanlarından asılı vəziyyətdə saxlamamaq məqsədi daşıyır. Azərbaycan isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxışını genişləndirərək etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. Almaniya kimi böyük sənaye iqtisadiyyatına malik ölkənin Azərbaycan qazını idxal etməsi əməkdaşlığın iqtisadi və siyasi çəkisini artırır. Çünki enerji təhlükəsizliyi məsələsi Avropada sadəcə kommersiya münasibətləri ilə məhdudlaşmır. Sənayenin davamlı fəaliyyəti, istehsal xərcləri, iqtisadi rəqabət qabiliyyəti və strateji dayanıqlılıq birbaşa enerji təchizatından asılıdır. Azərbaycanın bu sistemdə iştirakının genişlənməsi ölkəmizin Avropa ilə münasibətlərində əlavə iqtisadi imkanlar və siyasi dialoq platformaları yaradır. Bununla belə, Azərbaycanın enerji siyasətinin perspektivlərini yalnız təbii qaz ixracı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Avropanın yaşıl enerji keçidi fonunda alternativ enerji mənbələri, Xəzər dənizinin külək enerjisi potensialı, elektrik enerjisinin ixracı və regional enerji bağlantıları yeni əməkdaşlıq istiqamətləri kimi önə çıxır. Almaniyanın texnoloji və sənaye təcrübəsi bu sahələrdə Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlıq imkanları yarada bilər. Beləliklə, mövcud qaz ixracı gələcəkdə daha geniş enerji əməkdaşlığının iqtisadi təməlinə çevrilə bilər”.
Ekspert vurğulayıb ki, ümumilikdə, İlham Əliyevin Almaniyaya səfəri zamanı əldə olunmuş razılaşmalar və Almaniyanın xarici işlər nazirinin Bakıya səfəri iki ölkə arasında münasibətlərin davamlı siyasi dialoq əsasında inkişaf etdiyini göstərir:
“Burada əsas məsələ enerji ixracının artırılması ilə yanaşı, sənaye, investisiya, logistika, texnologiya və yaşıl enerji sahələrində konkret nəticələrin əldə olunmasıdır. Azərbaycan Almaniya ilə münasibətlərini inkişaf etdirməklə Avropanın aparıcı iqtisadi və siyasi mərkəzlərindən biri ilə əməkdaşlığını dərinləşdirir. Almaniya isə Azərbaycan vasitəsilə Cənubi Qafqazda, Xəzər hövzəsində və daha geniş Avrasiya məkanında iqtisadi və enerji əlaqələrini genişləndirmək imkanları əldə edir”.