Dünyanın hazırda ikinci bir Ayı var: “Mini Ay”ın unikal xüsusiyyəti üzə çıxıb

Planetimizin cazibə qüvvəsi aprel ayında kiçik bir asteroidi müvəqqəti olaraq özünə cəlb edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, elm dünyasını aylarla iki yerə bölən bu “Mini Ay”ın qeyri-adi xüsusiyyəti həftələrlə davam edən araşdırmalardan sonra müəyyən edilib.

Mini Ay ölçülərinin kiçik olması səbəbindən astronomlar tərəfindən Yer orbitinə daxil olduqdan bir neçə həftə sonra aşkar edilib. Müşahidəçilər günlərlə davam edən araşdırmalar nəticəsində onun fəaliyyətsiz peyk və ya hansısa peykin parçası olmadığını təsdiqləyiblər.

Təxminən 2 metr diametrində olan bu müvəqqəti Mini Ay dekabrın əvvəlinədək Yerin cazibə təsiri altında qalacaq. Daha sonra isə Yerin cazibə sahəsini tərk edərək Günəş ətrafındakı orbitində hərəkətini davam etdirəcək.

Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetlər Mərkəzi oktyabrın sonlarında yeni cismə 2026 QQ8 adını verib. “Mini Ay” ifadəsi rəsmi astronomik termin olmasa da, alimlər əvvəllər bu addan Yer orbitində təxminən bir il qalan 2006 RH120 və planetimizin orbitində təxminən üç il dövr edən 2020 CD3 kimi bir neçə təbii kosmik cismi təsvir etmək üçün istifadə ediblər.

“Mini Aylar” çox vaxt aşkar edilmir

Kiçik Planetlər Mərkəzinin direktoru Metyu Peyn (Matthew Payne) Yer kürəsinin müvəqqəti təbii peyklərə sahib olmasının nadir hadisə olmadığını bildirib:

“Çox güman ki, hər zaman belə bir Mini Ayımız olur. Onlar bir neçə həftə və ya ay ərzində Yer kürəsinin yaxınlığında qalırlar”.

Yerə yaxınlaşan Mini Ayların əksəriyyəti aşkar edilmir, çünki onlar çox vaxt radarların diqqətindən yayınırlar.

CNN International-ın məlumatına görə, Peyn bunu belə izah edib:

“Onların əksəriyyəti həqiqətən çox kiçikdir. Çox vaxt bir qədər uzaqda olurlar və bizim baxış bucağımızdan kifayət qədər sürətlə hərəkət edirlər. Bu iki amil mövcud tədqiqatların onları aşkar etməsini xeyli çətinləşdirir”.

Hazırda 2026 QQ8-in planetimizə çarpma ehtimalı ilə bağlı heç bir narahatlıq yoxdur. Cismin kiçik ölçüsü səbəbindən atmosferə daxil olacağı təqdirdə belə, zərərsiz şəkildə parçalanacağı gözlənilir.

Peyn bildirib:

“Ən yaxşı halda, səmada parlaq meteor görər və yüngül partlayış səsi eşidərsiniz”.

Unikal xüsusiyyəti dəqiq hesablamalar nəticəsində müəyyən edilib

Cismi aşkar edən Macarıstandakı Konkoly Rəsədxanasının tədqiqat koordinatoru Krishtian Şarneçki (Krisztián Sárneczky) bildirib:

“2020-ci ildən bəri hər açıq gecə etdiyim kimi, Yerə yaxın asteroidləri axtarırdım. Onu kəşf etdiyim zaman digər Yerə yaxın asteroidlərdən fərqlənmirdi. Onun unikal xüsusiyyəti yalnız sonradan, dəqiq orbital hesablamalar aparıldıqdan sonra üzə çıxdı”.

Yeni Mini Ayın kəşfindən sonra elmi ictimaiyyət arasında cismin təbii, yoxsa süni mənşəli olması ilə bağlı fikir ayrılığı yaranmışdı.

Şarneçkinin sözlərinə görə, astronomlar yalnız Günəş radiasiyasının obyektin hərəkətinə bir neçə həftə ərzində necə təsir etdiyini araşdırdıqdan sonra onun təbiətini müəyyən edə biliblər.

ABŞ-ın Arizona ştatındakı Louell Kəşf Teleskopunun və Havay Universitetinin Mauna Kea dağında yerləşən 2,2 metrlik teleskopunun köməyi ilə 2026 QQ8-in təbii mənşəli olduğu qəti şəkildə təsdiqlənib.

Mini Ayın mənşəyi hələ də məlum deyil

Mini Ayın haradan gəldiyi hələlik məlum deyil. Peyn cismin böyük ehtimalla Mars və Yupiter orbitləri arasında yerləşən asteroid qurşağından gəldiyini bildirib.

O, bu prosesi belə izah edib:

“Yerə nisbətən yaxın orbitdə hərəkət edən bu cisimlərdən biri bizi ötüb keçəcək qədər yüksək sürətə malik olmadıqda, bəzən Yerlə qarşılaşa bilər. Obyekt Yerlə birlikdə hərəkət etməyə başlayır, sonra getdikcə ona yaxınlaşır və Yerin, eləcə də Ayın cazibə qüvvəsini daha çox hiss edir. Bu isə onun ilkin orbitindən bir qədər yayınmasına və Yer ətrafında dövr etməyə başlamasına səbəb ola bilər”.

Peynin sözlərinə görə, astronomlar indiyədək Günəş sistemində təxminən 1,5 milyon kosmik cisim aşkar ediblər. Bu rəqəmin yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Çilidə yerləşən Vera C. Rubin Rəsədxanası “Məkan və Zamanın İrsi Tədqiqatı” (LSST) adlı 10 illik proqram həyata keçirir. Bu tədqiqat çərçivəsində asteroidlərin, kometlərin və qalaktikaların indiyədək görünməmiş sürətlə aşkar edilərək kataloqlaşdırılması nəzərdə tutulur.

Peyn bildirib:

“LSST tədqiqatı tam gücü ilə fəaliyyətə başladıqda çoxlu sayda yeni obyekt aşkar edəcəyi proqnozlaşdırılır. Gözləntimiz məlum kosmik obyektlərin sayının 5 milyona çatmasıdır”.