Türkiyənin Sivas vilayətində aparılan arxeoloji qazıntılar zamanı Xet imperiyasının tarixinə işıq salan 3500 illik 131 mixi yazılı gil lövhə aşkarlanıb. Tapıntılar qədim imperiyanın siyasi idarəçiliyi, gündəlik həyatı, dini inancları və üzləşdiyi fəlakətlər barədə yeni məlumatlar üzə çıxarıb.
Sherg.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Lövhələr Sivasın Yıldızeli rayonundakı Bedel kəndi ərazisində yerləşən qədim Şamuha şəhərinin qalıqları olan Kayalıpınar kurqanında tapılıb. Arxivdəki sənədlərin bir qismi dövlət idarəçiliyi və hərbi məsələlərlə bağlı olsa da, digərləri 35 əsr əvvəlki cəmiyyətin gündəlik həyatını əks etdirir.
Mətnlər arasında quşların uçuşunu və hərəkətlərini izləyərək gələcəyi yozan kahinlərin qeydləri, Qərbi Anadoludakı hərbi komandanların üsyanı yatırmaq üçün kraldan əlavə qüvvə istədikləri məktublar yer alır. Lövhələrdən birində isə yüksək hərarətlə müşayiət olunan, çoxsaylı uşaqların ölümünə səbəb olan epidemiya təsvir edilir. Tədqiqatçılar xəstəliyin dəqiq növünü hələ müəyyənləşdirə bilməyiblər.
Xetlər - qədim dünyanın böyük güclərindən biri
Təxminən 3500 il əvvəl Anadolu ərazisində qüdrətli dövlət yaradan Xetlər Babilə yürüşlər etmiş, döyüş arabalarından ibarət güclü ordu qurmuş və Misir fironları ilə rəqabət aparmışdılar.
E.ə. 1274-cü ildə indiki Suriya ərazisində baş verən Kadeş döyüşü Xetlərlə Misir arasındakı mübarizənin ən mühüm mərhələsi olub. Tarixin ən böyük döyüş arabası toqquşmalarından biri hesab edilən bu müharibə tərəflərdən heç birinin qələbəsi ilə nəticələnməyib. Sonradan iki dövlət arasında Kadeş müqaviləsi imzalanıb. Bu sənəd beynəlxalq münasibətlər tarixində ən qədim yazılı sülh müqavilələrindən biri hesab olunur.
Atatürkün Xet irsinə xüsusi marağı
Məqalədə qeyd olunur ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də Xet sivilizasiyasının öyrənilməsinə xüsusi əhəmiyyət verib. O, arxeoloji qazıntıları təşviq edib və bu gün Anadolu Sivilizasiyaları Muzeyi kimi tanınan qurumun yaradılmasının əsasını qoyub.
Muzeyin Xet mütəxəssisi Mehmet Muhsiroğlunun sözlərinə görə, Atatürk müasir Türkiyə ilə qədim Anadolu mədəniyyətləri arasında tarixi əlaqə yaratmağa böyük önəm verirdi. Xetlər mərkəzləşdirilmiş idarəetmə sisteminə malik ilk Anadolu dövlətlərindən birini qurmuşdular.
Xetlərin mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Onların Avropadan boğazlar vasitəsilə və ya Qafqaz istiqamətindən Anadoluna gəldikləri ehtimal edilir. Qədim xalqın fərqli xüsusiyyətlərindən biri isə fəth etdikləri ərazilərin dini və mədəni ənənələrini mənimsəmələri olub. Bu səbəbdən Xetlərə bəzən “Min tanrılı xalq” da deyilir.
Qeyd edək ki, Xet imperiyasının paytaxtı Hattuşa hazırda UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Şamuhada tapılan yeni arxiv isə bu qədim sivilizasiyanın hələ də açılmamış tarix səhifələrinin araşdırılması baxımından əhəmiyyətli hesab olunur.