Finlandiyanın xarici işlər naziri Elina Valtonen rusiyalı peşəkar idmançıların Avropa İttifaqı ölkələrinə girişinə vahid viza məhdudiyyətlərinin tətbiqini təklif edib.
Sherg.az xəbər verir ki, bu barədə nazir Finlandiyanın Yle teleradio şirkətinə müsahibəsində danışıb.
Valtonenin sözlərinə görə, Rusiyadan olan idmançılarla bağlı giriş qaydaları bütün Şengen zonasına daxil olan ölkələr üçün eyni olmalıdır. O bildirib ki, Finlandiyadan sonra Çexiya, Polşa, Norveç və Kanada da rusiyalı idmançılara qarşı sərt siyasət elan edib.
Finlandiyanın xarici işlər naziri bu vəziyyətin Avropa İttifaqı daxilində vahid mövqenin formalaşdırılması üçün zəmin yaratdığını düşünür. O, Avropa Komissiyasının yaxın vaxtlarda bununla bağlı müvafiq təklif irəli sürəcəyini gözlədiyini bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Finlandiyanın rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılmamasını qeyri-ardıcıl addım adlandırıb. Onun fikrincə, bu cür qərarlar ölkələr arasında etimadın azalmasına səbəb olur.