Türkiyədə güclü yağış: Yollar su altında qaldı, avtomobillər zərər gördü

Türkiyənin bir sıra bölgələrində leysan yağışları ciddi fəsadlara səbəb olub. Küçə və yolları su basıb, avtomobillər zərər görüb, bəzi yaşayış məntəqələrində nəqliyyatın hərəkəti çətinləşib.

Sherg.az xəbər verir ki, Habertürk-ün məlumatına görə, Meteorologiya Baş İdarəsinin xəbərdarlığından sonra Qara dəniz, Mərkəzi Anadolu və Aralıq dənizi bölgələrində güclü yağışlar qeydə alınıb.

Kocaelinin Gölcük rayonunda Değirmendere sahili və ətraf küçələri su basıb, çoxsaylı avtomobillər yolda qalıb. Samsunun İlkadım rayonunda isə yağış nəticəsində yolun təxminən 30 santimetrlik hissəsi çöküb, çuxura düşən dörd avtomobilə ziyan dəyib.

Zonquldaqda Karabük-Zonquldaq avtomobil yoluna yamacdan qopan iri qaya parçası düşüb. Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb. Güclü yağışlardan sonra çayların gətirdiyi lil səbəbindən Zonquldaq sahillərində dənizin rəngi də qəhvəyiyə çevrilib.

Paytaxt Ankarada gecə saatlarından başlayan leysan gün ərzində davam edib, bəzi küçələrdə su yığılıb. Kocaelidə isə yağışla yanaşı dolu və şimşək müşahidə olunub.

Şırnakın Beytüşşebap rayonunun yüksək dağlıq ərazilərində yağış qarla əvəzlənib. Bəzi yerlərdə qarın qalınlığı 20 santimetri ötüb.

Hatayın Dörtyol rayonunda isə selin zərər vurduğu ərazilərdə təmizlik və bərpa işləri aparılır. Su basan 45 evdən 28-də suyun çəkilməsi və təmizlik işləri başa çatdırılıb.