Azərbaycanın rəqəmsal uğurunun sirri açıqlandı: Dünya reytinqində ilk 11-likdəyik!

  • Elvin Abbasov: "Bu göstərici ilə ABŞ, Böyük Britaniya, Kanada və Norveç kimi ölkələri geridə qoymuşuq"
  • Osman Gündüz: ""Hələlik sadəcə Qazaxıstan və Özbəkistan ölkəmizdən öndədir, lakin 36 pilləlik yüksəliş kifayət qədər ciddi nəticədir"

Azərbaycanda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq reytinqlərdə öz nəticəsini göstərir.

 BMT-nin 19 noyabr 2026-cı ildə Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabata əsasən ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək reytinqin 38-ci mövqeyinə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 faiz artım deməkdir. Beləliklə, Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir dərc olunan EHİİ dünya ölkələrinin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini qiymətləndirən əsas beynəlxalq meyarlardan biridir. Bu il EHİİ 194 ölkəni onlayn xidmətlərin inkişaf səviyyəsi, telekommunikasiya infrastrukturu və insan kapitalı olmaqla üç əsas komponent üzrə qiymətləndirib. Ölkələr əldə etdikləri ümumi indeks balına əsasən “aşağı”, “orta”, “yüksək” və “çox yüksək” inkişaf kateqoriyalarına bölünür. İndeksin əsas məqsədi ölkələrdə rəqəmsal dövlət idarəçiliyinin inkişaf dinamikasını izləmək, beynəlxalq müqayisələr aparmaq və bu sahədə təkmilləşdirilməli istiqamətləri müəyyənləşdirməkdir.

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində əldə olunan tarixi nəticə ölkədə həyata keçirilən kompleks rəqəmsallaşma tədbirləri fonunda qeydə alınıb. Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, bu sahədə strateji və institusional çərçivənin formalaşdırılması, eləcə də dövlət qurumları arasında koordinasiyalı fəaliyyət rəqəmsal hökumətin inkişafında mühüm rol oynayıb.

Rəqəmsal transformasiyaya sistemli yanaşmanın formalaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi ardıcıl diqqət mühüm rol oynayıb. Dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, eyni zamanda Rəqəmsal İnkişaf Konsepsiyası, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" da daxil olmaqla strateji sənədlərin, eləcə də vençur maliyyələşdirilməsinin və kraudfandinq mexanizmlərinin inkişafına, İKT şirkətlərinin və startapların fəaliyyətinin stimullaşdırılmasına, güzəştlər paketinin genişləndirilməsinə və texnoparkların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəlmiş qanunvericilik aktlarının qəbulu həyata keçirilən islahatlara əlavə təkan verib.

Mövzunu şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Sherg.az-a bildirib ki, bu, nəticə Azərbaycanın rəqəmsal inkişaf sahəsində əldə etdiyi mühüm nəticələrdən biridir.

Onun sözlərinə görə, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı son hesabat ölkəmizdə aparılan sistemli rəqəmsal transformasiyanın konkret nəticəsini ortaya qoyur: "İki il ərzində 74-cü yerdən 36 pillə irəliləyərək dünyada 38-ci mövqeyə yüksəlmək və “Çox yüksək EHİİ” kateqoriyasının V3 altqrupuna daxil olmaq texnoloji arxitekturamızın düzgün qurulduğunu göstərir. Bu sıçrayışın ən diqqətçəkən tərəfi Onlayn Xidmətlər İndeksi üzrə 56 pillə irəliləyərək dünya 11-cisi olmağımızdır. Bu göstərici ilə ABŞ, Böyük Britaniya, Kanada və Norveç kimi ölkələri geridə qoymuşuq. Xidmətlərin təqdimatı üzrə Estoniya ilə 10-cu yeri bölüşmək, institusional çərçivə üzrə isə dünyada 1-ci pillədə qərarlaşmaq ekosistemin yetkinliyini təsdiqləyir. Nəticənin arxasında duran əsas texnoloji dayaqlar mygov üzərindən “bir pəncərə” prinsipinin tətbiqi, digital.bridge ilə qurumlararası real vaxt rejimində məlumat mübadiləsi və Rəqəmsal Sənəd Dövriyyəsidir. Dövlət başçısının müəyyən etdiyi rəqəmsal arxitektura xətti, 2026–2028-ci illər Fəaliyyət Planı və Rəqəmsal İnkişaf Şurasının koordinasiyası bu proseslərin sistemli şəkildə icrasına şərait yaradaraq dövlət xidmətlərində bürokratiyanı və insan faktorunu minimuma endirir. Onlayn xidmətlər İndeksi üzrə əldə olunan 11-ci yer göstərir ki, dövlətin rəqəmsal xidmət infrastrukturu artıq qlobal liderlər səviyyəsindədir. Növbəti mərhələdə telekommunikasiya infrastrukturunun daha da genişlənməsi və insan kapitalının rəqəmsal bacarıqlarının artırılması ilə ümumi reytinqdə ilk 20-liyə daxil olmaq tamamilə real hədəfdir".

Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz isə qeyd edib ki, hesabatın nəticələri gözlənilən olsa da, Azərbaycanın bu qədər böyük irəliləyiş əldə etməsi xüsusilə diqqətçəkəndir:

“İKT sektorunda bu hesabatın nəticələri maraqla gözlənilirdi. Azərbaycanın müsbət nəticə əldə edəcəyi proqnozlaşdırılsa da, bu dərəcədə irəliləyiş gözlənilmirdi. Ölkəmiz cəmi iki il ərzində 36 pillə irəliləyərək 193 ölkə arasında 38-ci yerə yüksəlib.

Xatırladım ki, 2024-cü ildə Azərbaycan 9 pillə irəliləyərək 74-cü yerdə qərarlaşmışdı. Həmin vaxt da bu nəticəni müsbət qiymətləndirsəm də, ölkəmizin potensialı baxımından daha yüksək göstəricilərə nail ola biləcəyini düşünürdüm. İndi isə dinamika kifayət qədər fərqlidir. 2020-ci ildə 70-ci, 2022-ci ildə 83-cü, 2024-cü ildə 74-cü, 2026-cı ildə isə 38-ci yerdə qərarlaşmışıq. Beləliklə, son dörd ildə 45 pillə irəliləyiş qeydə alınıb.

Burada vacib məqam ondan ibarətdir ki, BMT Elektron Hökumətin İnkişafı İndeksini hesablayarkən yalnız dövlət xidmətlərinin elektronlaşdırılmasını qiymətləndirmir. Telekommunikasiya infrastrukturu və insan kapitalı da əsas göstəricilər sırasındadır. 2024–2026-cı illərdə ümumi indeks üzrə artım 16,3 faiz, onlayn xidmətlər üzrə 28,6 faiz, telekommunikasiya infrastrukturu üzrə 9,4 faiz, insan kapitalı üzrə isə 11,5 faiz təşkil edib.

Hesabatda Azərbaycanın rəqəmsal inkişafına təsir edən konkret istiqamətlərə də toxunulur. Xüsusilə “myGov” platforması, rəqəmsal şəxsiyyət və sənədlər, məlumat mübadiləsi, dövlət informasiya sistemlərinin inteqrasiyası, Hökumət buludu və rəqəmsal idarəetmənin koordinasiyası bu irəliləyişin mühüm komponentləri kimi qeyd olunur".

O. Gündüzün sözlərinə görə, Azərbaycan bir sıra region ölkələrini geridə qoyaraq mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb:

"Hələlik sadəcə Qazaxıstan və Özbəkistan ölkəmizdən öndədir. Təbii ki, əldə olunan nəticələr bütün problemlərin həll edildiyi anlamına gəlmir. Əvvəlki hesabatlarda insan kapitalı və elektron iştirakçılıq daha çox diqqət tələb edən istiqamətlər idi. Hazırkı göstəricilərdə bu sahələrdə də müsbət dinamika müşahidə olunur. Lakin vətəndaşların qərarların qəbulunda iştirakı, elektron məsləhətləşmələr, açıq məlumatlara çıxış və ictimai nəzarət imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Ümumilikdə, 36 pilləlik yüksəliş kifayət qədər ciddi nəticədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, eləcə də bu sahədə fəaliyyət göstərən digər qurumların gördüyü işlər öz bəhrəsini verir. Düşünürəm ki, ötən il və cari ilin əvvəlində Prezident tərəfindən müəyyənləşdirilən yeni rəqəmsal arxitektura, Rəqəmsal İnkişaf Şurasının yaradılması və sektorda koordinasiyanın gücləndirilməsi də rəqəmsal transformasiya prosesinə əlavə dinamika qazandırıb”.