Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ölkəmizin çoxvektorlu xarici siyasət kursunun növbəti mühüm təzahürüdür. Dövlət başçısı noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Onları Vyetnamın ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılayıblar.
Sherg.az xəbər verir ki, siyasi şərhçi Zeynal Əmrəliyev səfərin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı və ölkəmizin Cənub-Şərqi Asiya istiqamətində xarici siyasətinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin Vyetnama səfəri 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Hazırda əlaqələr yalnız siyasi dialoqla məhdudlaşmır, müxtəlif sahələrdə əməkdaşlıq imkanları genişlənir.
Zeynal Əmrəliyev qeyd edib ki, Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnam Azərbaycan üçün Asiya bazarlarına çıxış, yeni investisiyaların cəlb edilməsi və enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm tərəfdaşdır.
Siyasi şərhçi xüsusilə SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişafını, eləcə də Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılmasını diqqətəlayiq istiqamətlər kimi dəyərləndirib:
"2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi münasibətlərin iqtisadi potensialını nümayiş etdirir. Gələcəkdə bu göstəricinin daha da artması üçün geniş imkanlar mövcuddur.
Səfərin digər mühüm tərəfi Azərbaycanın Cənub-Şərqi Asiya regionunda mövqelərini gücləndirmək strategiyası ilə bağlıdır. Vyetnam regionun aparıcı dövlətlərindən biri kimi Azərbaycanın xarici siyasətində xüsusi yer tutur.
Səfər çərçivəsində mühüm məsələlərin müzakirəsi və yeni razılaşmaların əldə olunması gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu baxımdan, qarşıdakı dövrdə Azərbaycan-Vyetnam münasibətlərində daha genişmiqyaslı layihələrin reallaşdırılması üçün ciddi perspektivlər mövcuddur".