Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı

Türkiyənin Sakarya bölgəsində Anadolu magistralında iki sərnişin avtobusu, mikroavtobus, furqon və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib, 14 nəfər yaralanıb.

Sherg.az xəbər verir ki, bu barədə ANKA agentliyi məlumat yayıb.

Qəza magistralın Ankara istiqamətində, Sapanca rayonunun Yeni Mahalle ərazisində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, polis, jandarma və yol xidmətlərinin əməkdaşları cəlb olunub. Avtomobillərdə sıxışıb qalan bəzi yaralılar yanğınsöndürənlər tərəfindən xilas edilib və xəstəxanalara çatdırılıb.

Qəza səbəbindən magistralın Ankara istiqamətində hərəkət bir müddət dayandırılıb, yolda uzun avtomobil növbələri yaranıb. Hazırda nəqliyyatın hərəkəti nəzarət altında və məhdud şəkildə təmin edilir.