Münasibətinizin daha sağlam və möhkəm olması üçün etməli olduğunuz, lakin çox güman ki, diqqətdən kənarda qoyduğunuz 7 məqamı təqdim edirik. Görün, onlardan neçəsinə əməl edirsiniz?
Bir neçə aydan artıq davam edən münasibətdə olmuş hər kəs təsdiqləyə bilər ki, hətta sağlam və xoşbəxt birliktelik belə, davamlı səy və diqqət tələb edir. Son vaxtlar münasibətinizdə nəyinsə qaydasında olmadığını hiss edirsinizsə, bunun səbəbi etməli olduğunuz, lakin laqeyd yanaşdığınız və ya ümumiyyətlə etmədiyiniz bəzi davranışlar ola bilər.
Münasibətdəki problemləri vaxtında görmək, onları dərinləşdirən davranışları anlamaq və tərəfdaşınızla aranızdakı harmoniyanı qorumaq çox vacibdir. Bəs münasibəti daha xoşbəxt və möhkəm edən əsas amillər hansılardır?
1. Sevginizi və dəyər verdiyinizi göstərməkdən çəkinməyin
Xüsusilə uzun müddət davam edən münasibətlərdə tərəfdaşımızı özümüzə aid və həmişə yanımızda olacaq biri kimi qəbul etmək çox asandır. İlk günlərin həyəcanı azaldıqca ona göstərdiyimiz diqqət də zəifləyə bilər.
Psixoloq Syuzan Krauss Uitbornun fikrincə, tərəfdaşınıza minnətdarlığınızı və sevginizi kiçik jestlərlə göstərmək münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Onun sevdiyi dondurmanı alıb evə gətirmək və ya qarşılayarkən yanağından öpmək belə münasibətə yeni istilik qata bilər.
2. Tərəfdaşınızın şəxsi həyatına müdaxilə etməyin
Psixoloq Randi Qanter tərəfdaşın şəxsi həyatına hörmətlə yanaşmağın vacibliyini vurğulayır. Xüsusilə ortaq dostlar və tanışlar arasında onun şəxsi məlumatlarını bölüşməkdən çəkinmək lazımdır.
Bəzən tərəfdaşınızla bağlı hansısa sirri dostunuzla bölüşmək istəyinə qarşı durmaq çətin ola bilər. Lakin onun şəxsi sərhədlərinə hörmət etmək münasibətdə etimadın qorunması və daha möhkəm bağların yaranması üçün vacibdir.
3. Narahatlıqlarınızı gizlətməyin: Açıq ünsiyyət münasibətin təməlidir
Nədənsə incidikdə və ya qarşı tərəfi üzməkdən qorxduqda hisslərimizi və narahatlıqlarımızı içimizdə saxlamaq daha asan görünə bilər. Lakin psixoloq Randi Qanterin fikrincə, sağlam münasibət üçün açıq danışmaqdan və qüruru kənara qoymaqdan çəkinməmək lazımdır.
Belə ünsiyyət həm qarşılıqlı anlaşılmazlıqları, həm də tərəflərin bir-birinə qarşı psixoloji oyunlar qurmasının qarşısını alır.
4. Mübahisələri böyütməyin: İttiham əvəzinə hisslərinizi ifadə edin
Ünsiyyət üzrə mütəxəssis Preston Ni mübahisələr zamanı qarşı tərəfi ittiham edən ifadələrdənsə, öz hisslərimizi ifadə etməyin daha doğru olduğunu bildirir.
Onun sözlərinə görə, insanlar onlara nə etməli olduqlarının diktə edilməsini sevmirlər. "Sən" ifadəsi ilə başlayan cümlələr isə qarşı tərəfdə qəzəb və müdafiə reaksiyası yarada bilər.
Məsələn, "Mənim ehtiyaclarımı heç vaxt düşünmürsən" demək əvəzinə, "Mənimlə məsləhətləşmədən ikimiz üçün plan quranda özümü istəklərim nəzərə alınmayan biri kimi hiss edirəm" demək daha sağlam ünsiyyət formasıdır.
5. Münasibətinizi gücləndirmək üçün birlikdə filmlərə baxın
Söhbət istənilən filmdən deyil, xüsusilə sevgi və münasibətlərdən bəhs edən ekran əsərlərindən gedir.
Rochester Universitetində aparılan araşdırmaya görə, həftədə bir dəfə münasibətlər mövzusunda film izləyən və daha sonra onun haqqında müzakirə aparan cütlüklər bir sıra müsbət nəticələr əldə edirlər.
Başqa insanların münasibətlərini müzakirə etmək öz davranışlarımızı daha yaxşı anlamağa və münasibətimizdəki problemlərə fərqli yanaşmağa kömək edir. Buna görə də birlikdə film izləmək üçün vaxt ayırın.
6. Birlikdə yeni təcrübələr qazanın: Münasibətinizə yenilik gətirin
Araşdırmalar göstərir ki, birlikdə yaradıcı fəaliyyətlərlə məşğul olan cütlüklərin münasibətləri daha möhkəm olur. Yeni yerlərə səyahət etmək, hansısa kursa yazılmaq və ya əvvəllər sınamadığınız fəaliyyətlərlə məşğul olmaq münasibətlərin inkişafına müsbət təsir göstərir.
Belə fəaliyyətlər tərəfdaşların ayrı-ayrı istiqamətlərdə deyil, birlikdə inkişaf etməsinə şərait yaradır. Buna görə də çoxdan arzuladığınız səyahəti planlaşdırın və ya birlikdə maraqlı bir kursa qatılın.
7. Münasibətinizə həftədə əlavə 6 saat ayırın
Araşdırmalara əsasən, həftə ərzində birlikdə orta göstəricidən əlavə 6 saat keçirən cütlüklərin münasibətləri daha sağlam olur.
Bunun üçün həftədə bir dəfə film gecəsi təşkil edə və ya hər bazar səhəri birlikdə səhər yeməyi yeməyi ənənəyə çevirə bilərsiniz.
İlk baxışdan əhəmiyyətsiz görünən bu kiçik vərdişlər münasibətə müsbət təsir göstərir və tərəfdaşlar arasında emosional bağlılığı gücləndirir.