Növbəti zəhərlənmə hadisəsi və yenə də şadlıq sarayındakı keyfiyyətsiz ərzaqlar. Ötən dəfə “Çıraq” şadlıq sarayında qonaqlara iylənmiş ətdən yemək təqdim olunmuşdu, bu dəfə “Qızıl Qaya” restoranı görmə qabilyyəti zəif insanlara xarab olmuş, iylənmiş ətdən bişirilən yemək verib. Deyəsən, şadlıq sarayının müdüriyyəti belə hesab edib ki, bu şəxslər gözdən əlildirlərsə, xörəyin necəliyini duymayacaqlar. Amma səhv ediblər. İnsanın gözü yaxşı görməyə bilər, ağız tamı isə yerində olacaq. Bu, şadlıq sarayları ilə bağlı baş verən artıq neçənci biabırçı hadisədir. Şadlıq sarayları daha çox qazanc əldə etmək üçün ucuz, keyfiyyətsiz ətləri alır, çalışıb min cür ədviyyat qatırla ki dadı, tamı bilinməsin. Qoxunu ört-basdır etsələr də tərkibini dəyişə bilmirlər, nəticədə zəhərlənmə baş verir.
Xatıladaq ki, “Qızıl Qaya” restoranında baş vermiş hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırmalara başlayıb, restorandan nümunələr götürülərək laboratoriyaya göndərilib. Ümumilikdə 14 nəfərin qidadan zəhərləndiyi, onlardan bir neçəsinin xəstəxanaya yerləşdirildiyi bildirilir və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, restoran sektorunda qanun pozuntuları getdikcə artır, AQTA-nın isə hər bir restorana, şadlıq sarayı və ya dönərxanalara nəzarət etmək imkanı məhduddur. Burada əsas vəzifə vətəndaşalrın üzərinə düşür ki ictimai nəzarəti həyata keçirsinlər:
- Şadlıq sarayları ucuz, keyfiyyətsiz ərzaqlar alır, əksər şadlıq evlərində bir neçə gün əvvəldən hazırlanan və ya əvvəlki məclislərdən qalan yeməklər yenidən qızdırılaraq müştərilərə təqdim olunur. Həmçinin, bir çox hallarda restoranların dəbdəbəli zalları ilə antisanitar vəziyyətdə olan mətbəxləri bir-birinə heç uyğun gəlmir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi gecə-gündüz hər bir restoranın mətbəxində dayanıb nəzarət edə bilməz. Dövlət qurumlarının əli-qolu qanunvericilik tərəfindən müəyyən mənada bağlı olduğu üçün burada ən böyük yük vətəndaşların üzərinə düşür. Vətəndaşlar özləri nəzarət etməli, mətbəxə, sanitar qovşağa baxmalı, vəziyyətlə tanış olmalıdırlar. Bizim əhali bu cür məsələlərdə çox passivdir və şadlıq sarayı, restoran idarə edənlərə çox “etibar” edir. Bizim əhalidə, təəssüf ki yoxlamaq, diqqət etmək, narazılıq bildirmək, haqqını rələb etmək kimi funksiyalar yaxşı formalaşmayıb. Qarşısına nə qoyursan, yeyir, pulunu ödəyir, üstəlik çox sağ ol da deyir. Amma görürsünüz, necə bədbəxt hadisələr baş verir. Toya gələrlər zəhərlənir, yeməklər keyfiyyətsiz, xidmət sıfır səviyyəsində. Vətəndaşlarımız susmamalı, neqativ halla rastlaşdıqda dillənməli, mənfi halları ictimailəşdirməlidirlər ki, xidmət sektorunda keyfiyyət önə çıxsın.