Nə qədər yazı yazsan da, insan bəzən yazacağı sözləri seçməkdə çətinlik çəkir. Çünki insan sevdiyi, dəyər verdiyi bir şey haqqında danışarkən bəzən sözlər aciz qalır. Bu gün mənim üçün elə günlərdəndir. Bu gün “Şərq” qəzetinin 30 yaşı tamam olur.
Otuz il bir insan ömründə böyük zaman kəsiyidir. Bir qəzetin həyatında isə bütöv bir tarixdir. Hər nömrənin arxasında bir zəhmət, hər səhifənin arxasında isə sözə inanan insanların əməyi dayanıb.
Qəzetçilik mənim üçün sadəcə peşə deyil. Bu, sözə bağlılıq, cəmiyyətin nəbzini tutmaqdır. Bəzən bir cümlənin arxasında böyük həqiqət, bir qəzet səhifəsində isə bütöv bir dövrün mənzərəsi dayanır. “Şərq” bu 30 ildə zamanın şahidi olub. Dəyişən dünyanı, dəyişən cəmiyyəti, insanların sevincini və qayğılarını öz səhifələrində yaşadıb.
“Şərq”ə gəldiyim vaxt bu gün də yadımdadır. Universiteti yenicə bitirmişdim. “Şərq” qəzetinə Ayyət Əhmədin yanına yaxınlaşdım. Gələcəyim barədə onun əvvəlcədən məlumatı var idi. Bir qədər söhbətləşdikdən sonra məni baş redaktor Akif Aşırlının otağına təqdim etmək üçün getdik.
Akif müəllim qarşısındakı hansısa sənədə baxırdı. Ayyət müəllim məni ona təqdim etdi:
– Tovuzludur, yaxşı hekayələr, şeirlər yazır. Qələmi var.
Akif müəllim qaşlarını qaldıraraq gözucu mənə baxdı. Ömrümdə heç vaxt o qədər həyəcanlanmamışdım. Qəzet haqqında bir qədər məlumat verdikdən sonra Ayyət müəllimə tapşırdı ki, mənim üzərimdə işləsin.
Ayyət müəllimdən jurnalistikanın əsaslarını, redaksiyada işləməyin incəliklərini öyrəndim. Daha sonra Yusif Nəzərli mənə qəzetçiliyin özünəməxsus xüsusiyyətlərini öyrətməyə başladı.
“Şərq” təkcə qəzet deyil, həm də bir ailədir. Nahar vaxtı hamı bir araya gələr, ölkədə və qəzetdə baş verənləri müzakirə edərdi. Akif müəllim bir dəfə də olsun kiminsə fikrini yarımçıq kəsməz, hər kəsə hörmətlə yanaşardı. Bu münasibət, bu mühit mənim üçün əsl məktəb oldu.
Əlbəttə, bu yol həmişə hamar olmayıb. Çətinliklər də olub, yorğunluq da, narahat gecələr də. Amma bütün bunların fövqündə bir inam dayanıb: “Şərq” yaşamalıdır, yazmalıdır, oxucusunun yanında olmalıdır!
Bu gün geriyə baxanda anlayıram ki, 30 il təkcə qəzetin yaşı deyil, həm də bir çox insanın ömründən verilmiş zəhmətin, fədakarlığın və sədaqətin tarixidir. Bu tarixdə əməyi olan hər kəsə ürəkdən təşəkkür edirəm. Bu qəzetin dünənində izi olanları minnətdarlıqla xatırlayıram, bu gün onun yaşaması üçün çalışanlarla qürur duyuram.
Mənim üçün “Şərq” sadəcə bir qəzet adı deyil. O, bir məsuliyyətdir, bir etimaddır, bir mənəvi bağlılıqdır. Arzu edirəm ki, “Şərq”in sabahı dünənindən daha parlaq olsun. İstəyirəm ki, illər sonra da kimsə “Şərq”in adını çəkəndə onun arxasında dayanan zəhməti, sözü və etibarı xatırlasın.
Bu gün yubileyimizi qeyd edərkən bir daha anlayıram: illər keçir, nəsillər dəyişir, texnologiyalar yenilənir, amma sözün dəyəri dəyişmir. Sözə hörmət varsa, qəzet yaşayır. Oxucuya sevgi varsa, yol davam edir.
Əziz “Şərq”im, 30 yaşın mübarək!