"STOP" sözü qanunvericiliyimzə elə daxil olub ki, onu “toxtatmaq” çox çətin olacaq-AÇIQLAMA

Yol nişanlarındakı "Stop" sözünün "Toxta" və ya "Dur" sözü ilə əvəzlənməsi geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, belə bir təkliflə Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edib. Deputat bildirib ki, "Stop" bizim sözümüz deyil, "Dur" isə sərt əmr formasındadır və hərəkətin sonrakı davamlılığını ifadə etmir. Deputatın fikrincə, "Toxta" sözü həm dayanmağı, həm nəfəs dərməyi, həm də sonra hərəkətə davam etməyi özündə birləşdirən daha uyğun bir variantdır. H.Babaoğlunun bu təklifi ictimaiyyət və sürücülər tərəfindən birmənalı qarşılanmayıb. “Stop” sözü beynəlxalq termin olduğu və dilimizdə artıq oturuşduğu halda onu dəyişməyə ehtiac varmı?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, "STOP" sözü qanunvericiliyimzə elə daxil olub ki, onu “toxtatmaq” çox çətin olacaq: 

- "Yol Nişanları və Siqnalları haqqında" Vyana Konvensiyasının 10-cu maddəsinin 6-cı bəndinə görə, B,1 nişanı: "Yol ver" (güzəşt et) nişanıdır. B,2 nişanı isə "Dayanmadan keçmək qadağandır" (STOP) nişanıdır. B,1 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə, bu nişan bu Konvensiyaya əlavə 1-in H bölməsində təsvir olunmuş H,1 əlavə lövhəciyi ilə birlikdə istifadə olunur. B,2 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə üzərində “STOP” işarəsi və B,2 nişanına qədər olan məsafəni göstərən rəqəm olan düzbucaqlı lövhəcik əlavə olunmuş B,1 nişanından istifadə olunur. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu Prezident İlham Əliyev tərəfindən 21 dekabr 2010-cu ildə imzalanıb.