Bakının Yasamal, Nizami və Xəzər rayonlarında qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı müşavirələr keçirilib.
Sherg.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, kommunal və təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, eləcə də özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən toplantılarda rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığı araşdırılıb.
Müşavirələrdə rayon icra hakimiyyətlərində yaradılan qərargahlara, kommunal və təsərrüfat xidmətlərinə qarın təmizlənməsi üçün lazımi qədər alət və inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması və xüsusi texnikaların vəziyyətinin yoxlanılması tapşırılıb.
Həmçinin küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Eyni zamanda, idarə, təşkilat, bələdiyyə, özəl və ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.