MEE: İndoneziya Məkkə sazişinə qoşulmaq imkanlarını araşdırır

İndoneziya 2026-cı ilin avqustunda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanmış Məkkə sazişinə qoşulma imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "Middle East Eye" (MEE) nəşrinə üç Türkiyə rəsmisi bildirib.

İndoneziyanın potensial qoşulması sazişin coğrafiyasının Yaxın Şərq hüdudlarından kənara genişləndirilməsi üçün mühüm addım ola bilər. Mənbələrin sözlərinə görə, Cakartanın marağı Ankara ilə, xüsusən də müdafiə sənayesindəki sıx əməkdaşlıqla izah olunur.

Ötən il İndoneziya Türkiyənin 48 ədəd "Kaan" qırıcısının alınması üçün dəyəri 10 milyard dollardan çox olan müqavilə bağlayıb. Bundan əlavə, yanvar ayında tərəflər Türkiyənin milli gəmiqayırma proqramı çərçivəsində "İstanbul" sinfinə aid iki freqatın alınması barədə razılığa gəliblər. Sazişin dəyəri təxminən 1 milyard dollar olaraq qiymətləndirilir.

Bununla yanaşı, İndoneziya səfirliyinin nümayəndəsi MEE-yə bildirib ki, hazırkı mərhələdə ölkənin sözügedən sazişə qoşulmaqda maraqlı olduğunu təsdiqləyə bilməz.

Ekspertlərin sözlərinə görə, İndoneziya Prezidenti Prabovo Subianto daha əvvəl ölkənin hərbi alyanslara qoşulmaq niyyətində olmadığını bildirərək ənənəvi qoşulmama siyasətinə sadiqliyini təsdiqləyib. Beləliklə, Cakarta çoxvektorlu xarici siyasət həyata keçirməklə yanaşı, öz strateji müstəqilliyini qoruyub saxlayır.