Putin və Trampın görüşü noyabrın 19-da Şençjendə keçiriləcək

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində APEC sammitinin plenar iclasından sonra baş tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Sabah ikitərəfli görüş keçirməyi planlaşdırırıq. Hazırlaşırıq və ümid edirik ki, görüş faydalı və məzmunlu olacaq. Söhbətdə hər iki tərəfdən bir neçə nəfər iştirak edəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, noyabrın 18-də keçirilən rəsmi qəbul zamanı Rusiya və ABŞ liderləri yalnız bir neçə kəlmə ilə kifayətləniblər. Onlar masa arxasında yanaşı əyləşmədikləri üçün söhbəti davam etdirmək mümkün olmayıb. Uşakov əlavə edib ki, noyabrın 19-da iş günü ərzində prezidentlərin ünsiyyət qurması üçün əlavə imkanlar olacaq.

Həmin gün Vladimir Putin, Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında üçtərəfli görüşün də keçirilməsi nəzərdə tutulur. Görüş üçün maksimum bir saat vaxt ayrılıb.

Kreml nümayəndəsi noyabrın 18-də keçirilən Rusiya-Çin danışıqlarına da toxunub. Onun sözlərinə görə, görüş qapalı qapılar arxasında, dostluq və səmimi şəraitdə keçib və iki lider arasında davamlı dialoqun növbəti mərhələsi olub.