Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlim və sağlamlıq sahəsində müəyyənləşdirilən altı prioritet addımın hər il 1,6 milyon insanın həyatını xilas edə biləcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, təşkilat Antalya şəhərində keçirilən COP31 çərçivəsində sağlamlığın iqlim siyasətinin və maliyyələşdirmə qərarlarının mərkəzinə qoyulmasına çağırıb.
ÜST-nin yaydığı bülletendə iqlim dəyişikliklərinin insan sağlamlığına ciddi zərər vurduğu, bu təsirlərin müxtəlif regionlar və cəmiyyətlər arasında qeyri-bərabər bölündüyü vurğulanıb.
Təşkilatın noyabrın 4-də yayımladığı texniki təhlilə görə, iqlim və sağlamlıq sahəsində altı prioritet tədbirin həyata keçirilməsi hər il 1,6 milyon insanın həyatını xilas edə, yatırılan hər 1 dollar isə 24 dollar iqtisadi gəlir gətirə bilər.
ÜST sağlamlığın iqlim maliyyələşməsindən faydalana biləcək sahələr sırasında açıq şəkildə müəyyənləşdirilməsini istəyib. Maliyyə, səhiyyə, ətraf mühit və energetika nazirliklərinə də iqlim dəyişikliklərinin səhiyyə sistemlərinə təsirlərini büdcə planlaşdırmasına daxil etmək tövsiyə olunub.
“Sağlamlıq iqlim tədbirlərinin ən güclü əsaslandırmasıdır”
ÜST-nin İqlim Dəyişikliyi, Enerji və Havanın Keyfiyyəti Bölməsinin rəhbəri Diarmid Campbell Lendrum bildirib ki, COP31 ölkələrin iqlim və sağlamlıq sahəsində bilikdən əməli fəaliyyətə keçməsi üçün mühüm fürsətdir. Onun sözlərinə görə, bu prosesin real nəticələr verməsi üçün maliyyə dəstəyi və siyasi iradə vacibdir.
Bülletendə qeyd olunub ki, dünyada təxminən 3,5 milyard insan iqlim dəyişikliklərinə qarşı yüksək həssaslıq şəraitində yaşayır. Son 20 ildə iqlimlə əlaqəli fəlakətlər nəticəsində baş verən ölümlərin 90 faizindən çoxu inkişaf etməkdə olan ölkələrin payına düşüb. Fosil yanacaqların yandırılması nəticəsində yaranan çirklənmə də daxil olmaqla, hava çirkliliyi dünyada hər il təxminən 7 milyon insanın ölümünə səbəb olur.
İqlim dəyişikliklərinin təsirləri xüsusilə kiçik ada dövlətlərində, su qıtlığı yaşayan, münaqişələrdən zərər çəkən, sahilyanı və kənd təsərrüfatından asılı icmalarda daha ağır hiss olunur. Hamilə və süd verən qadınlar, yeni doğulmuş körpələr, uşaqlar, yaşlılar, yerli xalqlar və açıq havada çalışanlar ən həssas qruplar sırasındadır.
ÜST səhiyyə sistemlərinin iqlim dəyişikliklərinə davamlı, aşağı karbon emissiyalı və dayanıqlı modelə keçirilməsinin vacibliyini vurğulayıb. Təşkilat emissiyaların azaldılmasını, uyğunlaşma tədbirlərində sağlamlıq amilinin nəzərə alınmasını və bu məsələnin beynəlxalq iqlim danışıqlarına daxil edilməsini istəyib.
Antalya təşəbbüsü ilə konkret addımlar hədəflənir
COP31-in noyabrın 9-da keçirilən açılışında, Sağlamlıq Günü çərçivəsində Antalya Sağlamlıq Dayanıqlılığı Təşəbbüsü (AIR) irəli sürülüb. Könüllülük əsasında fəaliyyət göstərəcək və məcburi öhdəlik yaratmayacaq təşəbbüs elmi sübutların, beynəlxalq təcrübənin və uğurlu nümunələrin konkret siyasətə və ölçülə bilən tədbirlərə çevrilməsini hədəfləyir.
ÜST-nin 2025-ci il üzrə Sağlamlıq və İqlim Dəyişikliyi Qlobal Sorğusu bu sahədə hansı tədbirlərin səmərəli olduğuna dair biliklərin mövcudluğunu, lakin onların tətbiqi və maliyyələşdirilməsinin yetərli olmadığını üzə çıxarıb. Antalya təşəbbüsünün məhz bu boşluğu aradan qaldırmağa kömək edəcəyi gözlənilir.
Təşkilat COP31 boyunca Sağlamlıq Pavilyonunda 60-dan çox tədbir keçirəcəyini, həmçinin konfransın 12 tematik gününün hamısında fəaliyyətlərə dəstək verəcəyini bildirib. ÜST qara karbonun insan sağlamlığına təsirləri ilə bağlı hesabatının ilkin nəticələrini də təqdim edəcək.
Bülletendə vurğulanıb ki, Antalya müzakirələrinin səhiyyə baxımından uğuru Qlazqo sammitindən və COP30-da qəbul edilən Belém Sağlamlıq Fəaliyyət Planından irəli gələn öhdəliklərin icrası, yenilənməsi və nəticələrinin hesabatlandırılması ilə qiymətləndiriləcək.