“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi

İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Behşayeş Ərdəstani İranla ABŞ arasında Türkiyə və ya Qətərdə birbaşa danışıqların keçirilməsinin mümkün olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Ərdəstani İran mətbuatına açıqlamasında mövcud şəraitdə danışıqların yeganə çıxış yolu olduğunu və bütün müharibələrin danışıqlar yolu ilə başa çatmalı olduğunu vurğulayıb.

“Biz nə müharibə, nə də danışıqlar vəziyyətində qalmağa son qoymalıyıq”, - deyə o, İranla ABŞ arasında Türkiyə və ya Qətərdə birbaşa danışıqların keçirilməsi ehtimalına toxunub.

Ərdəstani İranda zaman-zaman müzakirə olunan Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq məsələsinə də münasibət bildirib. O qeyd edib ki, belə bir addım beynəlxalq arenada İranın nüvə silahı istehsalına yönəldiyi barədə təsəvvür yaradır.

“Danışıqlar davam edir, lakin hələlik konkret nəticə əldə etməmişik”

İranın xarici işlər naziri Abbas Əraqçi isə Hörmüz boğazı ilə bağlı ikigünlük plan üzrə Qətər vasitəçiləri ilə aparılan müzakirələrin davam etdiyini, lakin hələlik konkret nəticəyə nail olunmadığını bildirib.

İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Əraqçi parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasından sonra Tehrandan Qətərə göndərilən nümayəndə heyətinin səfərini şərh edib.

“Danışıqlar davam edir, lakin hələlik konkret nəticəyə nail ola bilməmişik. Çünki nəticə əldə olunması qarşı tərəfin suallarımıza verəcəyi cavablardan asılıdır”, -deyə nazir bildirib.

Səfərin xarici işlər nazirinin müavini səviyyəsində həyata keçirildiyini bildirən Əraqçi məqsədin son həftələr Tehranda təmaslar aparan qətərli vasitəçilərlə məsləhətləşmələri davam etdirmək olduğunu qeyd edib.

Əraqçi səfər çərçivəsində ABŞ tərəfi ilə danışıqların planlaşdırılmadığını xüsusi vurğulayıb. O, ikigünlük planla bağlı müzakirələrin vasitəçilərlə davam etdiyini bildirib.

Diplomatik səyləri davam etdirdiklərini deyən nazir qarşı tərəfin də rasional davranaraq diplomatiyaya digər yollarla müqayisədə üstünlük verəcəyinə ümid etdiklərini söyləyib.

İranın bütün ssenarilərə hazır olduğunu bildirən Əraqçi ölkə lideri Müctəba Xameneinin yüksək rütbəli hərbi komandanlara verdiyi göstərişlərin İranın iradəsini açıq şəkildə nümayiş etdirdiyini qeyd edib.

İran Silahlı Qüvvələrinin qarşısında duran vəzifələrin aydın olduğunu vurğulayan nazir əvvəlki iki müharibədən əldə edilən təcrübə sayəsində ordunun əvvəlkindən daha güclü olduğunu iddia edib.

Əraqçi İranın həm müdafiəyə, həm də diplomatiyaya hazır olduğunu bildirərək, ABŞ-ın hansı yolu seçəcəyinin onun rasional yanaşmasından asılı olduğunu diqqətə çatdırıb.