Yeni ildən mopedlər dövlət qeydiyyatına alınacaq - İZAH

Qaydalar sərtləşir, moped sürücüləri şlem və kaska taxmağa məcbur olacaqlar

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq. Digər edilən təkliflərə görə moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunluğu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir. Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, mopedlərlə bağlı qanundakı mövcud boşluğun aradan qaldırılması bu nəqliyyat vasitələrinin iştirakı ilə törədilən qəzaların sayının azalmasına xidmət edəcək:  

- Xatırladım ki, qanuna dəyişiklik bu ilin oktyabrında təklif edilmişdi. Təklif belə idi ki, moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunsun. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təklif edilirdi. Hazırda ölkədə minlərlə vətəndaş moped və kiçik mühərrikli nəqliyyat vasitələrindən istifadə edir. Amma onların əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyat sənədi var. Yeni qanun layihəsinə əsasən, yeni ildən etibarən moped idarə etmək istəyənlər A1 kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaqlar. Həmçinin, bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınacaq. Motosiklet və mopedlərlə yük daşınması qaydasına görə, bu nəqliyyat vasitələrinin uzunluğunu və ya enini 0,5 metrdən artıq keçən yük daşımaq qadağan edilir. Yeni tələblər müəyyən narazılıqlar yarada bilər, çünki bir çox vətəndaş mopedlərdən məhz vəsiqə tələbi olmadığı üçün gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir. Lakin uzunmüddətli dövrdə bu qərar qəzaların azalmasına, yol hərəkətində nizam-intizamın artmasına və nəqliyyat mədəniyyətinin formalaşmasına müsbət təsir göstərəcək. Sürücülük vəsiqəsinin tələb olunması moped istifadəçilərinin yol-hərəkəti qaydalarını öyrənməsinə, onlara əməl etməsinə səbəb olacaq. Qeydiyyata alınmaq da əlavə məsuliyyət yaradır. Moped sürücüsü biləcək ki hər hansı qəza törədilərsə, hüquqi məsuliyyətə cəlb edilə biləcək.  

Eldəniz Cəfərov vurğuladı ki, xüsusilə paytaxt və böyük şəhərlərdə mopedlərin sayının kəskin artması, onların çox vaxt sürət, zolaq və təhlükəsizlik qaydalarına əməl etməməsi bu qərarın vacibliyini daha da artırır: - Qayda pozuntuları, əks yola çıxma halları və yüklərin normadan artıq daşınması tez-tez baş verir. Yeni yanaşma bu problemlərin qarşısını almağa hesablanıb. Yeni qaydalar həm təhlükəsizlik, həm də intizam baxımından zəruridir. Hesab edirəm ki, mühərrikli və sürəti 60 km.saatdan yuxarı olan nəqliyyat vasitələri qarşısında tələblər qoyulmalıdır. Mopedlərin dövlət nömrə nişanı ilə təmin edilməsi və qeydiyyata alınması vacibdir. Mopedlər digər nəqliyyat vasitələri ilə eyni hərəkət zolağını paylaşır. Bu halda onların xüsusi səs siqnalı, işıqları olmalıdır. Sürücülərsə mütləq şlem, kaska geyinməlidir. Bu, onların özünün də təhlükəsizliyini təmin edir, hərəkətin digər iştirakçılarının, o cümlədən piyadaların da. 

Məlahət Rzayeva