Yeni il ərəfəsində alış-veriş mərkəzləri “Qara cümə”lər keçirməkdə xüsusi canfəşanlıq edir. Paytaxtın bəzi ərazilərində reklam lövhələrini də “Qara – mavi cümə”lər bəzəyir. Konkret Bakıxanov küçəsi ilə “Gənclik” istiqamətində yolayrıcında quraşdırılmış reklam lövhəsində bu var. “Qara cümə”ləri son zamanlaradək Avropa şəhərlərində, ABŞ-də izləyirdik. Nəhayət bizim ölkəyə və paytaxta da ayaq açdı. Sual budur ki, “qara cümə”lərdə həqiqətənmi mallar xeyli ucuz, yəni sərfəli qiymətə təklif edilir?
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, bizdəki “qara cümə”lər elə il boyu olan adi cümələrdən qiymət fərqinə görə deyil, əksinə daha kefiyyətsiz məhsulların satışa çıxarılmasıyla fərqlənir:

- Bizdə “qara cümə” nədir? Adi vaxtlarda 1000 manatlıq mal, qalxıb olur endirimsiz 2200, “qara cümə”də isə olur 1300 manat. Bir məhsuldan 1 ədəd qoyulur vitrinə, gəlib bir nəfər alandan sonra, deyillər daha qalmayıb. Mağazalar adətən yeni kolleksiyalara deyil, anbarlarda uzun müddət satılmayıb qalan, mövsümü keçmiş və ya xırda qüsurları olan məhsullara endirim tətbiq edirlər. Vitrinlərdə "70%-dək endirim" elanları yazılsa da, bu rəqəm mağazadakı cəmi bir neçə lazımsız və ya bahalı məhsula aid olur, əksər mallar isə əvvəlki qiymətinə satılır. Onlayn alış-veriş zamanı sifarişlərin həddindən artıq çox olması səbəbindən saytların çökməsi və məhsulların alıcılara günlərlə, bəzən həftələrlə gec çatdırılması halları baş verir. "Son fürsət", "yalnız bu gün" kimi marketinq təzyiqləri insanları real ehtiyacları olmayan məhsulları almağa sövq edir və şəxsi büdcəyə zərər vurur. Bəzi satıcılar endirimli məhsulların geri qaytarılmadığını və ya dəyişdirilmədiyini iddia edərək istehlakçı hüquqlarını məhdudlaşdırmağa çalışırlar. Yəni ki bizdə “qara cümə”lər həqqətən də alıcı üçün qara olur.