Türkiyənin İstanbul şəhərində beşmərtəbəli binada baş verən yanğın daha bir uşağın həyatına son qoyub. Yanğında xəsarət alan 12 yaşlı futbolçu Ömer Ege Özyurtdan sonra onun 6 yaşlı əmisiqızı Defne Özyurt da xəstəxanada vəfat edib.
Sherg.az xəbər verir ki, hadisə noyabrın 19-da Qaziosmanpaşa rayonunun Barbaros Hayrettinpaşa məhəlləsində qeydə alınıb. Binanın birinci mərtəbəsindəki mənzildə açıq unudulan qızdırıcının səbəb olduğu yanğın nəticəsində tüstüdən altı nəfər zəhərlənib.
Xəstəxanaya çatdırılan uşaqlardan 13 yaşlı E.Ö.-nün müalicəsi reanimasiya şöbəsində davam edir. Digər üç nəfər isə müalicədən sonra evə buraxılıb.
Yanğına səbəb olduğu bildirilən qızdırıcını açıq unudan Günay F. saxlanılıb. O, “yanğın törətmə” və “ehtiyatsızlıqdan ölümə səbəb olma” ittihamları ilə həbs edilib.