- İranın Zəngəzur və Borçalı narahatlığı əbəsdir, Türk dünyasının inteqrasiyasını dayandırmaq mümkün deyil
İranın ali liderinin müşaviri Məhəmməd Mühbərin TRIPP layihəsini "saxta marşrut" adlandırması Tehranın regiondakı yeni nəqliyyat təşəbbüslərinə qarşı sərt və dəyişməz mövqeyini növbəti dəfə ortaya qoyub.
Bu cür bəyanatlar Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması ətrafında siyasi və geosiyasi gərginliyin hələ də aktual qaldığını göstərir. Eyni zamanda, məsələ ətrafında səsləndirilən fikirlər İranın regional tranzit marşrutlarında öz mövqeyinin zəifləməsindən narahatlığını ön plana çıxarır.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında İranın antitürk siyasətinin iflasa uğrayacağını deyib. O bildirib ki, İranın Cənubi Qafqaz siyasətinə nəzər saldıqda Tehranın müstəqil və güclənən Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin və bütövlükdə türk dünyasının inteqrasiyasının qarşısında ciddi maneələr yaratmağa çalışdığı görünür: 
“10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi nəzərdə tutulduğu halda, İran bu perspektivə qarşı dəfələrlə sərt etirazlar səsləndirib. Halbuki söhbət beynəlxalq hüquqa uyğun nəqliyyat əlaqəsindən gedir. Molla rejiminin narahatlığı isə Zəngəzur marşrutunun açılması ilə Türkiyə və Azərbaycanın birbaşa quru bağlantısının möhkəmlənməsi, türk dünyasının Xəzərdən Mərkəzi Asiyaya uzanan inteqrasiya imkanlarının genişlənməsidir. İranın 2021-ci ilin oktyabrında Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirməsi, bu təlimlərin rəsmi Bakı ilə münasibətlərin gərginləşdiyi dövrə təsadüf etməsi Tehranın Azərbaycana münasibətindəki təzyiq siyasətinin bariz nümunələrindən biri idi.İslam respublikasının 2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılmış TRIPP layihəsinə münasibəti də eyni narahatlığın davamıdır. İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bu layihəyə qarşı çıxaraq onun reallaşmasına mane olacaqlarını bəyan etmişdi. Bu mövqe bir daha göstərdi ki,millyətçi fars rejimi regionun yeni nəqliyyat xəritəsinin formalaşmasını öz geosiyasi maraqları baxımından arzuolunmaz hesab edir.Lakin İranın narahatlığı yalnız Zəngəzurla məhdudlaşmır. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsi də Azərbaycan–Türkiyə əlaqələrinin şimal istiqamətində mühüm strateji mövqeyə malikdir. Marneuli, Bolnisi və Dmanisi rayonlarını əhatə edən bu tarixi türk yurdu Azərbaycanı Gürcüstan üzərindən Türkiyəyə, Qara dənizə və Avropaya bağlayan coğrafiyanın mühüm hissəsidir.İranın Borçalıda dini-ideoloji təsirini genişləndirmək cəhdləri, xüsusilə şiə dini institutları və ideoloji təbliğat vasitəsilə yerli türklər arasında təsir dairəsi yaratmaq siyasəti diqqətdən kənarda qalmamalıdır. Bu fəaliyyətlərin hər birin ciddi siyasi yanaşma tələb edir”.
V. Əfəndiyev qeyd edib ki, 2007-ci ildə təməli qoyulan, 2017-ci ildə istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu , Bakı-Ceyhan neft boru xətti isə Azərbaycanın Türkiyə vasitəsilə Avropa ilə əlaqələrini gücləndirən mühüm strateji layihədir:
“Zəngəzur marşrutunun reallaşması bu nəqliyyat imkanlarını daha da genişləndirəcək və türk dünyasının iqtisadi inteqrasiyasına yeni nəfəs verəcək.Əslində, İranın antitürk siyasətinin kökündə tarixi rəqabət, regional hegemonluq iddiası və türk dünyasının güclənməsindən doğan siyasi narahatlıq dayanır. Tehran bir tərəfdən özünü müsəlman xalqlarının müdafiəçisi kimi təqdim edir, digər tərəfdən isə əhalisi müsəlman sayılan Azərbaycanın ərazi bütövlüyü və Türkiyə ilə əməkdaşlığı məsələsində təzyiq və hədələrə əl atır. Bu ziddiyyət İranın ideoloji şüarları ilə real geosiyasi maraqları arasındakı fərqi açıq göstərir. İran anlamalıdır ki, Azərbaycan və Türkiyənin birliyi heç bir dövlətə qarşı yönəlmiş təhdid deyil. Lakin heç bir qonşu dövlət də türk dünyasının birləşməsinə veto qoymaq, Azərbaycanın suveren qərarlarına müdaxilə etmək və regionun gələcəyini öz maraqlarına uyğun müəyyənləşdirmək hüququna malik deyil. Zəngəzur da, Borçalı da türk dünyasının coğrafi və tarixi reallıqlarının mühüm hissəsidir. Türk dünyasının inteqrasiyasını əngəlləmək cəhdləri isə gec-tez siyasi iflasa məhkumdur!”