- Yücel Karauz: “Trampın bu addımı İranı güzəştə yox, daha sərt müqavimətə sövq edə bilər”
ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranda yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd həyata keçirilməsi imkanını müzakirə etdiyi iddia olunur.
"NBC News"-nin məlumatına görə, Tramp administrasiyasında bəzi rəsmilər belə əməliyyatın müharibənin başa çatmasına şərait yarada biləcəyini düşünür:
“Buna qarşı çıxanlar isə hadisənin İranda sağ qalan rəhbərləri gücləndirə və gələcək danışıqların etibarlılığına zərər verə biləcəyini bildirirlər. Rəsmilər Trampın İrana qarşı yeni addımlarla bağlı hələ yekun qərar vermədiyini və böyük hərbi əməliyyat da daxil olmaqla bir sıra variantları nəzərdən keçirdiyini bildiriblər.
Qeyd edək ki, ABŞ və İsrailin 28 fevral 2026-cı ildə İrana qarşı genişmiqyaslı hücumlarından sonra iki ölkə arasında qarşıdurma müharibəyə çevrilib. Həmin hücumlar zamanı İranın hərbi və nüvə obyektləri ilə yanaşı, yüksək səviyyəli siyasi və hərbi şəxslər də hədəfə alınıb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında bildirib ki, bu məlumatı təsdiqlənmiş qərar kimi deyil, “NBC News”nin anonim mənbələrə istinadən yaydığı iddia kimi qiymətləndirmək lazımdır:
“Xəbərə görə, Tramp administrasiyasında belə bir variant müzakirə olunur, lakin prezidentin yekun qərar verdiyi bildirilməyib. Tərəfdarlar bunun Tehrana təzyiq göstərəcəyini, əleyhdarlar isə sağ qalan rəhbərləri daha sərt mövqeyə çəkəcəyini və ABŞ rəsmilərinə qarşı cavab riskini artıracağını düşünürlər. Strateji baxımdan bu addım müharibəni bitirəcəyinə zəmanət vermir. Rəhbərlərin sıradan çıxarılması qısa müddətli komanda qarışıqlığı yarada bilər. Ancaq İranın hakimiyyət və təhlükəsizlik strukturları tək-tək şəxslərdən ibarət deyil; onların yerinə yeni rəhbərlərin gəlməsi mümkündür. Belə bir zərbə sağ qalanları güzəştə deyil, rejimin və dövlətin mövcudluğunu qorumaq naminə daha sərt müqavimətə sövq edə bilər. ABŞ-ın danışıqlarda etibarlılığına dair narahatlıq da buradan qaynaqlanır: qarşı tərəf razılaşmanın siyasi güzəştə yol açacağına deyil, növbəti hədəfə çevriləcəyinə inansa, diplomatiyanın təsiri zəifləyər”.
Regional eskalasiya riskinin real olduğunu vurğulayan general hesab edir ki, İranın cavabı yalnız birbaşa hərbi zərbə ilə məhdudlaşmaya bilər: “ ABŞ qüvvələri və obyektləri, müttəfiqlər, enerji infrastrukturu və dəniz nəqliyyatı risk altına düşə bilər. Bu, münaqişəni daha geniş coğrafiyaya yaya, enerji bazarlarında və Hörmüz boğazı ətrafında yeni təzyiqlər yarada bilər. Beləliklə, ilkin əməliyyatın məqsədi müharibəni qısaltmaq olsa da, nəticə əksinə, qarşılıqlı cavab zəncirinin uzanması ola bilər.
Hüquqi tərəfdən də mühüm fərq var ki, münaqişə şəraitində hər hansı şəxsin hədəf alınması avtomatik olaraq qanuni sayılmır. Hədəfin hərbi məqsəd olub-olmaması, hücumun fərqləndirmə və mütənasiblik qaydalarına uyğunluğu qiymətləndirilməlidir; dövlətlərin güc tətbiqi isə BMT Nizamnaməsinin ümumi qadağası və onun istisnaları çərçivəsində əsaslandırılmalıdır”.
Y. Karauz qeyd edib ki, bu variant müharibəni bitirmək üçün düşünülən məcburetmə strategiyası ola bilər, amma özlüyündə etibarlı “çıxış planı” deyil:
“Hərbi təzyiq yalnız aydın siyasi məqsəd, konkret danışıqlar kanalı, qarşı tərəfin yerinə yetirə biləcəyi şərtlər və eskalasiyanı dayandıracaq mexanizmlərlə birləşdirilərsə nəticə verə bilər. Əks halda, rəhbərləri hədəfə almaq müharibəni başa çatdırmaqdan çox, qarşıdurmanı sərtləşdirərək nəzarətdən çıxma ehtimalını artırar”.