Son xəbərlər

Aİ lideri: Güclü Avropa komandası Ukrayna üzrə danışıqların növbəti raundunda iştirak edəcək

Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqların növbəti raundunda güclü Avropa komandası iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

“Biz diplomatiyaya uğur qazanmaq üçün ən yaxşı şansı verməliyik. Güclü Avropa komandası danışıqların növbəti raundunda iştirak edəcək. Bu vacibdir, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir göstərir”, – fon der Lyayen deyib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirəcək və öz maraqlarını qoruyacaq. Onun sözlərinə görə, danışıqlarda irəliləyiş Rusiyanın yalnız bəyanatlarına deyil, konkret addımlarına əsasən qiymətləndiriləcək.