- “İnflyasiya və benzin çatışmazlığı ölkəni ciddi fəlakətə sürükləyər”
İranda milli valyutanın dəyər itirməsi, inflyasiyanın yüksəlməsi və iqtisadi çətinliklərin dərinləşməsi ölkənin siyasi gündəmində də müzakirələrə səbəb olub. Parlamentin deputatı Hüseyn Səmsami Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökuməti ABŞ-nin planlarına uyğun hərəkət etməkdə ittiham edib. O, Mərkəzi Bankın valyuta siyasətini də tənqid edib.
Mövcud iqtisadi vəziyyətin ölkənin sosial-siyasi gələcəyinə mümkün təsirləri diqqət çəkir.
İranlı jurnalist, siyasi şərhçi Reza Talebi Sherg.az-a Səmsaminin gəldiyi siyasi cəbhənin çox önəmli olduğunu deyib:
"“Paydari” cəbhəsi adlandırılan qrup, əslində, daha radikal ideologiyanı və məfkurəni təmsil edir. Bu, xüsusilə parlament daxilində özünü göstərir. Həmin qrup, təbii ki, Pezeşkian hökumətinə qarşı mövqedədir. Çünki onlar əvvəlki prezident seçkilərində qələbə qazana bilməyiblər. Hazırkı vəziyyətdə də ABŞ və İsraillə müharibənin daha geniş miqyasda davam etdirilməsini istəyən tərəfdardırlar.
Lakin bu, onların səsləndirdiyi fikirlərin yanlış olması demək deyil. Ümumiyyətlə, İranda ciddi iqtisadi problemlər mövcuddur. Bu problemlərin yaranmasında Mərkəzi Bankın da mühüm rolu var. İranda Mərkəzi Bank müstəqil qurum deyil, hökumətin strategiyalarını həyata keçirir. Bu isə bazara ciddi nəzarət mexanizminin formalaşmasına, nəticədə bazarın böhrana və xaosa sürüklənməsinə səbəb olur.
Digər tərəfdən, İranda büdcə böhranı və maliyyə çatışmazlığı yaşanır. Buna görə də hökumət dolların məzənnəsinin kəskin yüksəlməsi hesabına büdcə problemlərini həll etməyə çalışır".
Analitik problemin yalnız bununla məhdudlaşmadığını bildirib:
"Genişmiqyaslı mühasirə, yəni quru və dəniz sərhədlərindəki məhdudiyyətlər İranın həm idxalına, həm də ixracına ciddi təsir göstərib. Müharibənin nəticəsində yaranan dağıntılar, infrastruktura və zavodlara dəyən zərər də iqtisadi vəziyyəti daha da ağırlaşdıran amillərdəndir.
Dolların kəskin bahalaşmasının digər səbəblərindən biri də neft satışından əldə olunan vəsaitlərin İrana daxil olmamasıdır. Xüsusilə son bir il ərzində İranın etibar etdiyi vasitəçilər sanksiyaları aşaraq ölkənin neftini satıblar. Lakin əldə olunan vəsaitin böyük hissəsi İrana qaytarılmayıb. Həmin vasitəçilərin mövqeyi isə dolların məzənnəsinin yüksəlməsinin vacibliyi və neftin bu məzənnə ilə satılmalı olduğu barədə olub.
Çünki İranda dolların iki fərqli məzənnəsi mövcuddur: bazarın müəyyən etdiyi məzənnə və hakimiyyətin müəyyənləşdirdiyi rəsmi məzənnə. Bu səbəbdən neft satışından əldə olunan vəsaitlərin ölkəyə qayıtmaması bahalaşmanı və inflyasiyanı daha da sürətləndirir. Bunu xüsusilə ərzaq məhsullarının qiymətində müşahidə edirik".
Ekspertin proqnozuna görə İran gələcəkdə daha yüksək infilyasiya ilə üzləşəcək:
"İranda benzin çatışmazlığı da mövcuddur. Ölkənin neft emalı zavodlarında yaranan problemlər səbəbindən benzin istehsalı ilə bağlı çətinliklər yaşanır. İran yanacağı xaricdən idxal etməli olur. Bu vəziyyət nəqliyyat sektoruna da ciddi təsir göstərir. Nəticədə nəqliyyat vasitəsilə daşınan meyvə, ət və toyuq kimi ərzaq məhsullarının qiymətləri də əhəmiyyətli dərəcədə artır.
Dövlət aztəminatlı və yoxsul əhaliyə müəyyən yardımlar göstərməyə çalışsa da, bu tədbirlər inflyasiyanın qarşısını almaq üçün kifayət etmir. Beləliklə, gələcəkdə daha yüksək inflyasiya ilə üzləşəcəyik.
Təbii ki, müxalifət də yaranmış vəziyyətdən istifadə edəcək. Səmsami iqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olsa da, onun bu məsələlərdən ideoloji baxımdan hakimiyyətə qarşı istifadə edəcəyi də istisna deyil.
Görünən odur ki, hazırkı vəziyyət hələlik idarəolunan səviyyədədir. Çünki ölkənin strateji ərzaq ehtiyatları mövcuddur. Lakin uzunmüddətli perspektivdə bu vəziyyət İranı ciddi fəlakətə sürükləyər. Benzin çatışmazlığı və inflyasiyanın yüksəlməsi ölkə daxilindəki problemlərin kəskinləşməsinə, etirazların və sosial narazılıqların artmasına səbəb ola bilər. Belə etirazların qarşısını almaq isə hökumət üçün çətinləşər".
Mütəxəssis keçmişdə də İranda oxşar problemlərin yaşandığını və bunların etirazlara səbəb olduğunu xatırladıb:
"Benzin məsələsi də zamanla ictimai və sosial problemə çevrilib. Hazırkı vəziyyət də belə bir ssenarinin mümkünlüyünü göstərir.
Əgər İran mühasirənin aradan qaldırılması istiqamətində addım atmasa və ABŞ ilə müzakirələrə getməsə, iqtisadi problemlərin daha da dərinləşməsi qaçılmaz olacaq. Bu istiqamətdə vəziyyəti düzəldə biləcək konkret və effektiv strategiya da görünmür.
Ümumilikdə demək olar ki, İran hökuməti iqtisadi və sosial sahələrdə, heç olmasa, müvəqqəti də olsa, müəyyən dönüş yaratmalıdır. Lakin ölkə hələ də hərbi istiqamətdə əvvəlki siyasətini davam etdirir. Bu sahədə də hər hansı bir uğursuzluğun yaşanması İranın gələcəyi üçün çox ciddi təhlükə yaradar".