- ABŞ-da daha bir ştat şirkəti məhkəməyə verdi
ABŞ-nin Rod-Aylend ştatının Baş Prokurorluğu uşaqları sosial şəbəkədən asılı vəziyyətə salmaq, onların pul xərcləməsinə şərait yaratmaq və təhlükəsizliyini lazımi səviyyədə qorumamaq ittihamları ilə TikTok-a qarşı məhkəmə iddiası qaldırıb.
Sherg.az xəbər verir ki, Baş prokuror Piter Neronhanın rəhbərlik etdiyi qurum Providens dairəsinin Ali Məhkəməsinə 78 səhifəlik iddia ərizəsi təqdim edib. Sənəddə TikTok-un uşaqları platformaya daha çox cəlb edən alqoritmlərdən, sonsuz sürüşdürmə funksiyasından, videoların avtomatik başladılmasından və davamlı bildirişlərdən istifadə etdiyi bildirilir.
İddiada gözəllik filtrlərinin uşaqlarda qeyri-real görünüş standartları yaratdığı, onların bədən qavrayışına və psixoloji sağlamlığına mənfi təsir göstərə biləcəyi də vurğulanır.
Uşaqların pul xərcləməsi təşviq edilir
Baş Prokurorluq TikTok LIVE platformasındakı virtual hədiyyə sistemini də tənqid edib. Bildirilir ki, istifadəçilər yayımçılara real pulla alınan jetonlar vasitəsilə hədiyyələr göndərirlər. Məsələn, platformadakı “şir” animasiyasının qiyməti 29 999 jetondur və təxminən 300 dollara bərabərdir.
İddiada uşaqların yayımçıların diqqətini cəlb etmək üçün pul xərcləməyə təşviq edildiyi, bəzi azyaşlıların isə canlı yayımlarda böyüklər tərəfindən cinsi istismara məruz qalması təhlükəsinin olduğu qeyd olunur.
Yaş məhdudiyyəti yetərli deyil
TikTok LIVE-da hədiyyə göndərmək üçün 18 yaş tələbi olsa da, iddia ərizəsində yaşın təsdiqlənməsi mexanizminin yetərsiz olduğu bildirilir. İstifadəçilərin doğum tarixlərini özlərinin qeyd etməsi uşaqlara bu məhdudiyyəti keçmək imkanı yaradır.
Bundan başqa, platformanın göndərilən hədiyyələrdən 50 faiz komissiya tutduğu, lakin bu barədə kifayət qədər şəffaf məlumat vermədiyi iddia edilir.
Baş Prokurorluq TikTok-un ştatda gənclərin psixoloji sağlamlığı ilə bağlı problemlərin dərinləşməsinə töhfə verdiyini də irəli sürüb. 2025-ci il üzrə araşdırmaya əsasən, Rod-Aylenddə orta məktəb şagirdlərinin 30 faizi davamlı kədər və ümidsizlik yaşadığını bildirib.
Qeyd edək ki, Rod-Aylend TikTok-a qarşı hüquqi addım atan təxminən 30 ştat və bölgədən biridir. Baş Prokurorluq şirkətdən hüquqi sanksiyaların tətbiqini, istehlakçılara kompensasiya ödənilməsini, qanunsuz əldə edildiyi iddia olunan gəlirlərin geri qaytarılmasını və mübahisəli funksiyaların qadağan edilməsini tələb edir.