Son xəbərlər

Əraqçi: “İsrail ABŞ-ni İranla yeni müharibəyə sürükləməyə çalışır”

İranın xarici işlər naziri Abbas Əraqçi İsraili ABŞ-ni İranla yeni hərbi qarşıdurmaya cəlb etməyə çalışmaqda ittiham edib.

Sherg.az-ın məlumatına görə, Əraqçi bildirib ki, İsrailin İranın kimyəvi silah hazırladığı barədə irəli sürdüyü iddiaların əsas məqsədi Vaşinqtonu İrana qarşı yeni hərbi əməliyyatlara sövq etməkdir.

İsrailin müdafiə naziri İsrael Katz noyabrın 24-də ilk dəfə açıq şəkildə İranın kimyəvi silah yaratmağa çalışdığını iddia edib və İsrail və ABŞ-nin bu barədə müəyyən müddətdir məlumatlı olduğunu bildirib.

Əraqçi isə bu iddiaları rədd edərək İsrailin özü kütləvi qırğın silahlarına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, İsrail nüvə, kimyəvi və bioloji silahların qadağan edilməsinə dair müvafiq sazişlərə qoşulmaqdan imtina edib.

İran XİN rəhbəri həmçinin İsrailin yüzlərlə nüvə başlığına malik olduğunu və Yaxın Şərqin yeddi ölkəsinə hücum etdiyini bildirib. Əraqçinin fikrincə, kütləvi qırğın silahları ilə silahlanmış İsrailin İranı kimyəvi silah əldə etməyə çalışmaqda ittiham etməsi ziddiyyətlidir.