Amerikalı aktyor Tom Kruz Beynəlxalq Kosmik Stansiyada (BKS) film çəkmək planından imtina edib.
Axşam.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Bildirilir ki, çəkilişlər üçün federal hökumət və NASA-dan xüsusi icazə tələb olunurdu, lakin aktyor bu məsələ ilə bağlı Donald Trampa müraciət etmək istəməyib.
Mənbələrin bildirdiyinə görə, Tom Kruz uzun illərdir formalaşdırdığı apolitik imicini qorumaqda qərarlıdır və şəxsi layihəsi üçün belə prinsipindən dönmək istəmir.
Qeyd edək ki, hələ 2020-ci ildə “Mission: Impossible” filminin ulduzu “Gələcəyin sərhədi” filminin rejissoru Daq Laymanla birlikdə kosmosda film çəkməyi planlaşdırırdı. Layihəyə əsasən, Tom Kruz BKS-ə yollanmalı, hətta çəkiliş zamanı açıq kosmosa çıxmalı idi. O, “Yer kürəsini xilas edə biləcək yeganə şanssız adam” obrazını canlandıracaqdı.
Aktorun uçuşu 2021-ci ilin oktyabrına nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbindən proses təxirə salındı. Əgər layihə reallaşsaydı, Tom Kruz BKS-dən kənarda açıq kosmosa çıxan ilk mülki şəxs ola bilərdi.