ABŞ Prezidenti Donald Tramp və NATO baş katibi Mark Rutte Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez nizamlanmasının və onun daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini bəyan edib.
Teleqraf xəbər verir ki, Ağ Ev Tramp və Ruttenin Floridada Mar-a-Laqo iqamətgahında keçirilən görüşünün yekunlarına dair bəyanat verib.
Görüşdə Rusiyanın müharibənin genişlənməsinə bilərəkdən və ya bilməyərəkdən səbəb ola biləcək istənilən addımdan çəkinməsinin, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmanın təmin edilməsinin vacibliyi müzakirə olunub.
Görüş məhsuldar keçib. Əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı münaqişə olub.
ABŞ lideri və NATO baş katibi görüşü “əla” adlandırıb.
Bundan əlavə, müdafiə xərclərinin və ABŞ-də, eləcə də bütün NATO ölkələrində sənaye bazasına kapital qoyuluşlarının daha da artırılmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.