Paşinyan baş verən hadisəni təxribat adlandırır, amma bu hadisələrə rəvac verənlər ciddi məsuliyyət daşıyırlar
Ermənistanın paytaxtında qondarma "soyqırımın" ildönümü ilə bağlı məşəl yürüşü keçirilib. İrəvanada keçirilən yürüşdə ermənilər Türkiyə gənclərinə səsləniblər. Daşnaksütyun Partiyasının Mərkəzi İdarə Heyətinin nümayəndəsi Jora Avdalyanın meydanda çıxışı zaman səsləndirdiyi fikirlər diqqət çəkib. O, Türkiyəyə səslənərək “soyqırımı” etirafı gözlədiklərini bildirib: “Düşmənlərimiz 110 ildir dəyişməyib. Biz Türkiyədəki hakimiyyətə açıq şəkildə mesaj veririk: mübarizəmiz bitməyəcək, hədəfimizə çatacağıq, çünki həyatımızın mənası budur. Türkiyə gənclərinə səslənirik: əgər siz öz hakimiyyətinizi “soyqırımı” etirafına məcbur etməsəniz, bunun məsuliyyətini də daşıyacaqsınız. Əmin olun, erməni gəncləri arasında yenə də Soqoman Teyliryan və Arşavir Şirakyanlar olacaq”. Yürüşün sonunda isə Türkiyə və Azərbaycan bayraqları meydana gətirilərək yandırılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Paşinyan bunu təxribat adlandırıb: "Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı praktikadır". Qeyd edək ki, Soqomon Teyliryan Tələt Paşanı qətlə yetirən erməni terrorçudur. Arşavir Şirakyan isə “erməni soyqırımı”nın “intiqamını” almaq üçün türklərə qarşı qurulan sui-qəsd qruplaşmasının üzvü olub.
Siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, İrəvanın mərkəzində qondarma "soyqırım"la bağlı keçirilən yürüş və bayraqlarımıza qarşı törədilən hadisə erməni xislətini növbəti dəfə ortaya qoyur. Professor vurğulayıb ki, bu məsələdə Ermənistan Baş naziri Nikol Paşinyanı məsuliyyətdən kənar tutmaq doğru deyil:

"Əgər İrəvan hökuməti özü səmimi olaraq sülh istəsəydi, erməni cəmiyyətini də real sülhə hazırlasaydılar, belə təxribatlar baş verməzdi. Çünki Paşinyan özü də sülhdən danışmaqla yanaşı, sülh imkanlarını bəzən məhdudlaşdıran mövqe nümayiş etdirir. Paşinyanın özünün davranışları da başadüşülən deyil. Türkiyə tərəfi dəfələrlə Ermənistana təklif edib ki, arxivlər açılsın, araşdırılsın. Əgər tarixi araşdırmalar başlasa, belə bir hadisənin baş vermədiyi aydınlaşacaq. Ermənistan tərəfi heç vaxt buna getmir, çünki tarixdə belə bir soyqırımı hadisəsi baş verməyib. Bu, tamamilə erməni uydurmasıdır. Bundan Türkiyəyə qarşı bir alət kimi bəlli dairələr istifadə edirlər. Digər yandan düşünürəm ki, bu tipli halların qarşısını almaq üçün öncədən tədbirlər görülə bilərdi. Paşinyanın və onun komanda üzvlərinin də kifayət qədər məsuliyyəti mövcuddur".
E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycanın və Türkiyənin bayraqlarının yandırılması sözsüz ki, cinayətdir, aşkar vandalizm aktıdır:
"Həm də onun göstəricisidir ki, erməni cəmiyyətində Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik hissləri qalmaqdadır. Bunun özü bizə bir siqnaldır. Hər zaman qarşımızda kimin olduğunu bilməliyik. Avstriyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevits "Müharibə haqqında" əsərində yazır ki, "biz hər zaman düşmənimizi olduğundan da ağır vəziyyətdə saxlamalıyıq". Ermənistan cəmiyyəti nümayiş etdirir ki, onlar bizi düşmən gözündə görürlər və özlərini də bizə düşmən hesab edirlər. Biz bundan sonra daim güclü mövqedə olmalıyıq ki, bu cür hisslərlə yaşayan cəmiyyətin təxribatlarının qarşısını vaxtında ala bilək. Paşinyan baş verən hadisəni təxribat adlandırır, amma bu olaylara, təxribatlara rəvac verənlər də ciddi məsuliyyət daşıyırlar. Əgər Ermənistan rəhbərliyi Azərbaycanla səmimi, uzunmüddətli sülh istəyirsə, cəmiyyəti buna çox ciddi hazırlamalıdır. Əks halda İrəvan hökumətinin də real sülhdə maraqlı olmadığı bir daha təsdiqlənəcək".