Türkiyə, ABŞ, Qətər və Misir nümayəndələri Qəzzanı müzakirə edib

Türkiyə, ABŞ, Qətər və Misir nümayəndələri Mayamidə Qəzzanı müzakirə edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Görüşdə Qəzza sülh planının birinci mərhələsinin həyata keçirilməsi məsələləri qiymətləndirilib və ikinci mərhələyə keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Birinci mərhələdə təmin olunan atəşkəsin pozuntulara baxmayaraq davam etdiyi, girovların azad olunmasının tamamlandığı və qarşıdurmaların böyük ölçüdə dayandırıldığı bildirilib.

İkinci mərhələ ilə bağlı isə Qəzzanın qəzzalılar tərəfindən idarə edilməsini təmin edəcək tənzimləmələr müzakirə olunub, sülh planında nəzərdə tutulan Sülh Şurası və Beynəlxalq Sabitlik Qüvvəsi ilə bağlı atılacaq addımlar qiymətləndirilib.

Həmçinin, bu görüş çərçivəsində Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılmasına yönəlmiş danışıqlarla əlaqədar Mayamidə olan rəsmilərlə fikir mübadiləsi aparılıb.