İran rəsmisi: Putinlə regionun mühüm məsələləri müzakirə olunub

“Putin müharibənin başa çatması üçün hər cür yardım göstərəcəyini bildirib”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzayi Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra deyib.

O, İranın dövlət televiziyasına müsahibəsində görüş zamanı regionun mühüm məsələlərinin müzakirə olunduğunu deyib.

Rzayi qeyd edib ki, İranın Ali Rəhbəri mesajının mümkün qədər tez Putinə çatdırılmasını istəyib. Onun sözlərinə görə, Rusiya prezidenti də Ali Rəhbərə səmimi salamlarını çatdırıb.

İran rəsmisi əlavə edib ki, görüşdə müharibədən sonrakı dövr və regionda təhlükəsizlik tədbirləri ilə bağlı mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rzayi onu da bildirib ki, Putin müharibənin başa çatması üçün hər cür yardım göstərəcəyini deyib. O, həmçinin Rusiya prezidentinin İranın nüvə obyektlərinin bombalanmasını pislədiyini və İrana qarşı müharibəni ədalətsiz hesab etdiyini qeyd edib.

İran rəsmisi İran və Rusiya arasında qaz əməkdaşlığı məsələsinə də toxunub. Onun sözlərinə görə, görüşdə Rusiyadan İrana qaz boru kəmərlərinin çəkilməsi müzakirə olunub. Bu layihə vasitəsilə İranın qaz çatışmazlığının aradan qaldırılması və Rusiyanın qazının region ölkələrinə satılması nəzərdə tutulur.