Melaniya Trampla görüşdə Rusiyanı onlar təmsil edəcək

ABŞ-ın birinci xanımı Melaniya Trampla Ağ Evdə keçirilməsi planlaşdırılan görüşdə Rusiyanı insan hüquqları üzrə müvəkkil Yana Lantratova və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edəcəklər.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya və Ukrayna nümayəndələrinin görüşü ABŞ-ın birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə təşkil olunub və Vaşinqtonda Ağ Evdə keçiriləcək.

Ağ Evin mətbuat xidmətinin daha əvvəl yaydığı məlumata görə, görüş Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən humanitar əməliyyata həsr olunacaq. Melaniya Trampın vasitəçiliyi ilə burada mülki əhaliyə yardım göstərilməsi və sakinlərin təxliyəsinin təşkili məqsədilə müvəqqəti atəşkəs barədə razılıq əldə olunub.

Atəşkəs rejimi oktyabrın 27-dən noyabrın 2-dək qüvvədə olub. Bu müddət ərzində ərzaq, dərman və gündəlik zəruri tələbat malları da daxil olmaqla, humanitar yardımların çatdırılması, həmçinin döyüşlərin getdiyi ərazini tərk etmək istəyən sakinlərin təxliyəsi təşkil edilib.

Vaşinqtonda keçiriləcək görüşdə Ukrayna tərəfini Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcəklər.

Ağ Evin məlumatına görə, Melaniya Tramp Oleşkidəki humanitar əməliyyatın nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.

Görüş Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan növbəti üçtərəfli danışıqlar raunduna hazırlıq fonunda baş tutacaq.