Ərdoğanın Bakı səfəri gərginliyə son qoyacaq - ŞƏRH

  • Ankara və Bakı arasında mühüm dialoq gözlənilir
  • Azərbaycan və Türkiyə liderləri bütün məsələlərə aydınlıq gətirəcək

Ərdoğanın Bakı səfəri Azərbaycan-Türkiyə münasibətləri baxımından diqqət çəkən məqamlardan biridir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr-Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlaması iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti fonunda xüsusi əhəmiyyət daşıyır.

Xüsusilə son dövrlər iki ölkə arasında informasiya müstəvisində yaşanan gərginliklər, qarşılıqlı müzakirələr və ictimai müstəvidə ortaya çıxan fikir ayrılıqları fonunda bu səfər diqqət mərkəzindədir. Ərdoğanın Bakıya səfəri Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin və qardaşlıq bağlarının bir daha nümayiş etdirilməsi baxımından da əhəmiyyətlidir.

Türkiyə liderinin Zəfər Günü tədbirlərində iştirakı iki ölkə arasındakı münasibətlərin yalnız rəsmi diplomatik təmaslarla məhdudlaşmadığını, ortaq tarixə, milli maraqlara və qarşılıqlı dəstəyə əsaslandığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Ərdoğanın Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir maneənin dayana bilməyəcəyini vurğulaması da bu münasibətlərin Ankara üçün əhəmiyyətini bir daha gündəmə gətirir.

Bəs son dövrlər müşahidə olunan gərginliklər fonunda Ərdoğanın Azərbaycana səfəri hansı siyasi və diplomatik mesajları verəcək?

Politoloq Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi, xüsusilə də 8 Noyabrda Azərbaycanın Zəfər paradında iştirak edərək bu günü Bakıda birlikdə qeyd etməsi tamamilə təbii hadisədir:

“Qarabağ müharibəsindən sonra Türkiyə lideri zaman-zaman Azərbaycanın Zəfər paradında iştirak edib. Bu, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əsas nümunələrindən biri hesab olunur. Düşünürəm ki, Ərdoğanın Azərbaycana gəlməsi heç də təəccüblü qarşılanmamalıdır.

Sadəcə, son dövrlər Türkiyədən Azərbaycana qarşı həyata keçirilən informasiya hücumlarından sonra müəyyən gərginliklər yaranmışdı. Xüsusilə media və sosial şəbəkələr üzərindən hücumlar genişləndirilmişdi. Daha sonra rəsmi səviyyədə də müşahidə olunan proseslər baş verdi. Bakı və Ankara arasındakı münasibətlərdə liderlərin bu məsələləri dəstəkləmədiyi, xüsusilə Türkiyə Prezidentinin belə bir mövqedə olmadığı göründü. Bununla belə, müəyyən narazılıqların yarandığı da müşahidə edilirdi.

Bu kontekstdə Ərdoğanın səfəri, təbii ki, maraq doğurur. Hesab edirəm ki, Azərbaycan və Türkiyə liderləri arasında şəxsən hər hansı problem yoxdur. İki ölkə arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları ola bilər. Hansı ölkədən söhbət getməsindən asılı olmayaraq, hər iki dövlətin öz milli maraqları var. Zaman-zaman bu maraqlar uzlaşmaya bilər. Lakin belə hallarda çıxış yolu müzakirələr aparmaq və dialoq vasitəsilə həll yolu tapmaqdır. Azərbaycan hər zaman buna hazırdır”.

Analitik qeyd edib ki, son proseslər zamanı Türkiyədə Azərbaycana qarşı hücumlar həyata keçirən və hakimiyyət daxilindəki müəyyən qruplar tərəfindən himayə olunan kəsim mövcud idi:

“Bu kəsimin Azərbaycana qarşı hücumları iki ölkənin qardaşlıq münasibətlərinə müəyyən zərbə vurmağa başlamışdı. Ən azı, belə risklər var idi. Lakin hər iki ölkənin liderinin bir-birinə münasibəti dəyişməyib.

Rəcəb Tayyib Ərdoğan daha əvvəl də Prezident İlham Əliyevlə telefonla danışıb və həmin söhbətdə qardaşlıq münasibətlərinin xüsusi vurğulandığı qeyd olunub. Türkiyənin Zəfər Bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı rəsmi şəkildə təbrik edib. Həmin təbrikin məzmunu da göstərir ki, hər iki ölkənin qardaşlıq və strateji münasibətləri dəyişməyib.

Bu baxımdan, Ərdoğanın Bakıya səfəri tamamilə təbii qarşılanmalıdır. Səfərin məhz indi, xüsusilə də gərginlik fonunda baş tutmasının ayrıca əhəmiyyəti var. Bu, müsbət nəticələr verə bilər. Liderlər birbaşa təmas zamanı bütün məsələləri müzakirə edə və gələcəkdə eyni halların təkrarlanmaması üçün lazımi addımların atılması barədə razılığa gələ bilərlər. Hər hansı fikir ayrılığı varsa, onu da birbaşa təmasda müzakirə edərək ortaq məxrəcə gəlmək mümkündür”.