Dietoloqlar qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edən beş meyvəni açıqlayıblar.
Sherg.az xəbər verir ki, “Habertürk”ün məlumatına görə, liflə zəngin və qlisemik indeksi aşağı olan meyvələr qan şəkərinin qəfil yüksəlməsinin qarşısını almağa kömək edə bilər.
1. Meşə meyvələri
Qaragilə, moruq və böyürtkən lif, vitamin və antioksidantlarla zəngindir. Bu meyvələr şəkərin qana sorulmasını yavaşladaraq insulin səviyyəsinin tənzimlənməsinə kömək edir.
2. Nar
Narın tərkibindəki antioksidantlar və lif qan şəkərinin, xolesterinin və arterial təzyiqin tənzimlənməsinə, insulin müqavimətinin yaxşılaşmasına kömək edə bilər.
3. Alma
Aşağı qlisemik indeksə malik alma liflə zəngindir. Orta ölçülü bir alma təxminən 4 qram lif ehtiva edir. Bu isə şəkərin qana daha yavaş sorulmasına şərait yaradır.
4. Sitrus meyvələri
Portağal və qreypfrut aşağı qlisemik indeksə malikdir. Onların tərkibindəki antioksidantlar qan şəkərinin və qlisemik göstəricilərin nəzarətdə saxlanmasına dəstək verir.
5. Avokado
Avokado karbohidrat baxımından az, lif və təkli doymamış yağlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində yeməkdən sonra qan şəkərinin kəskin yüksəlməsini ləngidə və onun tənzimlənməsinə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, bu meyvələr sağlam qidalanmanın bir hissəsi kimi faydalıdır. Lakin onların istehlakı diabetin müalicəsini əvəz etmir.