Hazırda regionlarda elektron imtahanların keçirilməsi üçün yerlər hazırlanır.
Bunu Teleqraf-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda elektron imtahanlar mərkəzin mövcud texniki və maddi imkanları çərçivəsində təşkil olunur:
“Kifayət qədər imtahanlar elektron formada keçirilib. Bildiyiniz kimi, bunun üçün xüsusi binamız var. Oradakı imkanlara uyğun olaraq regionlarda da elektron imtahanların keçirilməsi üçün yerlər hazırlayırıq.
Kütləvi imtahanların, məsələn, eyni vaxtda 100 min nəfərin internet vasitəsilə imtahan verməsinin təşkili üçün ciddi maddi və texniki dəstək lazımdır. Belə imkanlar yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən yaradıla bilməz. Bunun üçün ciddi maddi-texniki dəstək tələb olunur. Biz çalışırıq. İştirakçı sayı 10 minə qədər olan müəyyən imtahanları mütəmadi olaraq elektron formatda keçiririk.
Bu il nəzərdə tutduğumuz işləri həyata keçirmişik. Rezidentura, dövlət qulluğu və müxtəlif sertifikasiya imtahanları elektron formatda keçirilir. Hazırkı texniki və maddi imkanlarımız nəyə şərait yaradırsa, elektron imtahanları həmin imkanlar əsasında təşkil edirik”.