Nənə-babalarınızdan miras qalan qədim kağız pulların arasında bu əsginasdan olsa diqqətli yetirin! Aralarında dəyərli nümunələr olur. Bir əsrdən çox yaşı olan Rusiya imperiyasının 500 rublluq əsginası kolleksiya bazarında maraq doğurur. Adi vəziyyətdə olan nümunələrini 20-30 manata əldə etmək mümkün olduğu halda, yüksək qorunmuş nümunələrindən biri beynəlxalq hərracda 650 avroya, yəni təxminən 1 200 manata satılıb.
Bunu Milli.az-a numizmat Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, 1912-ci il nümunəli bu əsginas həm tarixi, həm də dizaynı baxımından kolleksiyaçılar üçün maraqlıdır.
"Bu əsginasın üzərində I Pyotrun portreti və Rusiyanı təcəssüm etdirən qadın obrazı təsvir edilib. Maraqlıdır ki, əsginasın üzərində 1912-ci il qeyd olunsa da, dövriyyəyə 1913-cü ildə buraxılıb və çapı 1921-ci ilə qədər davam edib", - deyə o bildirib.
F.Məmmədovun sözlərinə görə, əsginasın daha bir maraqlı xüsusiyyəti onun ölçüsü və çap texnologiyasıdır. Təxminən 27,3x12,1 santimetr ölçüsündə olan bu pul nişanı üzərində metal qravür və çoxrəngli çap üsullarından istifadə edilib. Su nişanlarında həm 500 rəqəminə, həm də I Pyotrun portretinə rast gəlinir.
Bakıdan olan gənc kolleksiyaçı Əzimzadə Əbdülrəhim isə əsginasın müxtəlif imza variantlarının olduğunu və onların arasında bank idarəçisi İvan Şipovun imzasını daşıyan nümunələrin xüsusi maraq doğurduğunu qeyd edib.
"Bu əsginasların idarəçi və kassir imzalarına, eləcə də seriyalarına görə müxtəlif buraxılışları mövcuddur. İvan Şipov 1914-cü ildə Dövlət Bankının idarəçisi təyin edilib və 1917-ci ilədək bu vəzifədə çalışıb. Onun imzasını daşıyan əsginaslar da məhz bu dövrdə meydana çıxıb. Lakin maraqlı məqam odur ki, Şipovun imzası sonrakı siyasi dəyişikliklər dövründə də bəzi buraxılışlarda saxlanılıb", - deyə kolleksiyaçı bildirib.
Kolleksiyaçının sözlərinə görə, seriyanın ilk iki hərfi əsginasın hansı hakimiyyət dövründə buraxıldığını müəyyənləşdirməyə kömək edir. Belə ki, Şipov imzalı nümunələrin bir hissəsi Rusiya imperiyası, digərləri isə Müvəqqəti hökumət və RSFSR dövrünə aiddir.
Əsginasın qiymətinə gəlincə, F.Məmmədov bildirib ki, burada əsas meyarlardan biri pul nişanının qorunma vəziyyətidir. Kolleksiyaçılar əsginasları vəziyyətinə görə XF, AUNC və UNC kimi kateqoriyalara ayırırlar.
"Rusiya kolleksiya bazarında Şipov imzalı 500 rublluq əsginasların qiymətləri təxminən belə dəyişir: XF vəziyyətində olan, yəni dövriyyədə istifadə edildiyi görünsə də, yaxşı qorunmuş nümunələr 23-40 manat, AUNC vəziyyətində olan, demək olar ki, dövriyyəyə buraxılmamış nümunələr 39-59 manat, UNC vəziyyətində, yəni istifadə edilməmiş və ilkin görünüşünü qoruyub saxlamış əsginaslar isə 58-150 manat civarında təklif olunur", - deyə o bildirib.
Numizmat vurğulayıb ki, eyni vəziyyətdə olan əsginasların qiymətləri belə fərqlənə bilər. Buna idarəçinin imzası ilə yanaşı, kassirin imzası, seriya və nömrə kombinasiyası da təsir göstərir.
F.Məmmədovun sözlərinə görə, xüsusilə yüksək qorunma dərəcəsinə malik nümunələr kolleksiya bazarında daha baha qiymətləndirilir.
Belə ki, 2025-ci il sentyabrın 15-16-da keçirilən "Crown Currency" beynəlxalq hərracında 1912-ci ilin 500 rublluq əsginasının PMG 66 EPQ dərəcəli nümunəsi 650 avroya satılıb. Hərrac kataloqunda "TOP POP" kimi qeyd edilən bu nümunənin satış qiyməti 2026-cı ilin noyabr məzənnəsi ilə təxminən 1 200 manata bərabərdir.