Son xəbərlər

Xarici diplomlarla bağlı əlavə xərc aradan qalxır - Ekspertdən Agentliyə irad

  • Əmrah Həsənli hesab edir ki, vətəndaşların əlavə xərcə düşməməsi üçün belə məlumatlar vaxtında açıqlanmalıdır

Xarici ölkələrin ali təhsil müəssisələrindən alınmış diplomların tanınması zamanı türk, rus və ingilis dillərində tərtib edilmiş sənədlərin Azərbaycan dilinə tərcüməsi və notariat qaydasında təsdiqi tələb olunmur. Bu dəyişiklik xaricdə təhsil almış vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısını almağa hesablanıb.

Təhsildə Keyfiyyətə Təminat Agentliyinin yaydığı məlumata görə, bu qayda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsaslanır.

Bildirilib ki, güzəşt yalnız türk, rus və ingilis dillərində təqdim olunan diplomlara və onların əlavələrinə şamil edilir. Digər dillərdə tərtib edilmiş sənədlərin isə Azərbaycan dilinə tərcüməsi və notariat qaydasında təsdiqi tələb olunur.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli Sherg.az-a açıqlamasında qərarı müsbət qiymətləndirib. Onun sözlərinə görə, əsas məqsəd xaricdə ali təhsil almış şəxslərin üzərindən lüzumsuz bürokratik yükü götürməkdir.

Ekspert bildirib ki, əvvəlki dövrdə türk, rus və ingilis dillərində olan diplom və əlavələrin tərcümə etdirilməsi, notarial qaydada təsdiqlənməsi vətəndaşlar üçün əlavə vaxt və xərc yaradırdı:

“Bundan əvvəl rus, türk, ingilis dillərində olan diplom və ona əlavələri də Azərbaycan dilinə tərcümə etdirib notarial qaydada təsdiqlətmək lazım gəlirdi. Bu, həm vaxt, həm də əlavə xərc tələb edirdi. Üstəlik, qaydalarda belə bir tələb nəzərdə tutulmadığı halda, yenə də bəzi vətəndaşlar sənədləri tərcümə etdirib təsdiqlətdirirdilər. Agentliyin açıqlaması da bu yanlış təcrübənin qarşısını almaq üçündür”.

Ə.Həsənlinin fikrincə, qərarın əhəmiyyəti daha genişdir. Çünki Azərbaycandan xaricə təhsil almağa gedənlərin böyük hissəsi Türkiyə, Rusiya və ingilisdilli ölkələri seçir. Bu baxımdan, yeni yanaşma çoxsaylı vətəndaşın diplomlarının tanınması prosesini asanlaşdıracaq.

Ekspert əlavə edib ki, tanınma prosedurunun sürətlənməsi və əlavə xərclərin aradan qalxması xaricdə təhsil almış ixtisaslı kadrların əmək bazarına daha operativ qoşulmasına da imkan verəcək. Onun sözlərinə görə, məhz bu üç dilin seçilməsi də təsadüfi deyil: Agentlikdə həmin dillərdə olan sənədləri oxuya və yoxlaya bilən mütəxəssislər var.

Bununla belə, Ə.Həsənli qərarın ictimaiyyətə çatdırılması ilə bağlı gecikməyə diqqət çəkib. O hesab edir ki, vətəndaşların əlavə xərcə düşməməsi üçün belə məlumatlar vaxtında açıqlanmalıdır:

“Bu cür izahatlar vaxtında verilməlidir. Neçə ildir vətəndaşlar əlavə xərc çəkir, sənəd tərcümə etdirir, notarial qaydada təsdiqlədir. Məlumatlandırma operativ olmalıdır ki, insanlar əziyyət çəkməsin, qaydalar barədə məlumatlı olsunlar”.

Beləliklə, yeni açıqlama xarici diplomların tanınması prosesində vətəndaşların üzləşdiyi əlavə prosedurların aradan qaldırılması baxımından əhəmiyyətlidir. Ekspert isə hesab edir ki, qərarlarla yanaşı, onların vaxtında və düzgün izah edilməsi də vacibdir.