Son xəbərlər

2027-ci ildə Azərbaycan qazı Ermənistana gedə bilər: Paşinyanın sülh planı açıqlanır

  • Baş nazirin arxasında Qərb və ABŞ dayanır, Ermənistan müxalifətinə qarşı həlledici mübarizə başlayır

Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunub. Məlumata görə, dərc olunmuş layihədə Müstəqillik Bəyannaməsinə istinad yer almır. Sənəd 89 maddədən ibarətdir.Qeyd edək ki, həmin Bəyannamədə Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar əks olunub. Rəsmi Bakı İrəvanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını şərt kimi irəli sürüb.

Bu məsələdə bütün mənəvi, siyasi və insani etibarlılığını ortaya qoyduğunu iddia edən Ermənistan Baş naziri Nikol Paşinyan vətəndaşlara müraciətində yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini vəd edib: "Yeni Konstitusiyanın qəbulu ilə yalnız sülh sazişinin imzalanması deyil, həm də institusional sülhün təmin olunması mümkün olacaq". Hökumət başçısı bir daha qeyd edib ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs versələr, istefa verəcək. Konstitusiya layihəsi dəstəklənəcəyi təqdirdə isə növbəti seçkilərdə Baş nazir postuna namizədliyini irəli sürməyəcək.

Araşdırmaçı-jurnalist Mehman Əliyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın yeni Konstitusiya layihəsindən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanın sülh sazişi ilə bağlı tələblərinin qarşılanması baxımından olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, Paşinyanın Qərb tərəfdaşlarının dəstəyi, TRIPP layihəsinin reallaşması, Türkiyə ilə sərhədlərin açılması və iqtisadi perspektivlər fonunda həm referendumda, həm də növbəti parlament seçkilərində siyasi mövqelərini qoruyaraq Azərbaycanla sülh sazişinin imzalanmasına nail olmaq imkanları var: “Azərbaycan tərəfi prinsipial mövqe nümayiş etdirərək sülh sazişinin yalnız Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra imzalana biləcəyini dəfələrlə bəyan edib və bu məsələdə geri çəkilməyib. Paşinyanın son danışıqlarda, o cümlədən Antalyada və Dublində keçirilən görüşlərdə apardığı müzakirələrdən, hansı ki, bu, təkcə İlham Əliyevlə aparılan danışıqların nəticəsi deyil, belə qənaətə gəlmək olar ki, o, bu məsələdə Avropa və ABŞ tərəfdaşlarından da tam dəstək alıb. Bundan sonra Paşinyan müxalifətə qarşı daha fəal mübarizəyə başlayıb. O, israrlı şəkildə bu məsələnin dərhal həyata keçirilməli olduğunu bəyan edib. Hətta referendum keçirilməsinə razılıq veriləcəyi təqdirdə növbəti parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini, referendumda Konstitusiya layihəsi qəbul olunmayacağı halda isə istefa verəcəyini açıqlayıb. Lakin bu təklif də qarşı tərəfdən qəbul olunmayıb. Buna baxmayaraq, Paşinyan mövqeyində israrlı olduğunu nümayiş etdirib və nəticədə yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub. Hesab edirəm ki, bundan sonra da o, siyasi opponentlərinə qarşı mübarizəsini davam etdirəcək. Artıq parlamentdə bu istiqamətdə açıq müzakirələrə start verilib və prosesin davamlı xarakter alacağı gözlənilir”.

M. Əliyev bildirib ki, ABŞ-la Ermənistan ərazisində TRIPP layihəsi çərçivəsində işlərə 2027-ci ildə başlanacağı artıq elan olunub. Onun sözlərinə görə, təxminən 42 kilometrlik yolun tikintisi bir il ərzində də başa çatdırıla bilər. Lakin burada əsas məsələ tikinti işlərinin başlanmasının Ermənistanda keçiriləcək referendumun nəticələrinə mümkün təsiridir:

“Əslində, işlərə başlanılması referendumun nəticələrinə müsbət təsir göstərəcək. Mən belə başa düşürəm ki, Avropa İttifaqı, ABŞ, o cümlədən Rusiya Paşinyana hərtərəfli dəstək verəcək və nəticədə referendumun müsbət nəticələnməsinə nail olacaqlar. Ermənistan müxalifətinin etirazlarının isə geniş ictimai təsirə malik olacağını düşünmürəm. Çünki müxalifətin reytinqi kifayət qədər aşağıdır. Onun əsas aparıcı qüvvəsini Qarabağ klanının nümayəndələri – Robert Köçəryan, Serj Sarkisyan və digərləri təşkil edir. Onlar cəmiyyətdə o qədər də populyar deyillər. Üstəlik, bu şəxslərin adı korrupsiya qalmaqallarında hallanıb. Onlar faktiki olaraq Qarabağ hərəkatının hazırkı rəhbərləri kimi çıxış edirlər. Ermənistan cəmiyyətində isə bu qüvvələrə münasibət birmənalı deyil. 2008-ci ildə prezident seçkiləri zamanı baş verən hadisələr, çoxsaylı insan tələfatı, eləcə də İkinci Qarabağ müharibəsində onların oynadığı mənfi rol unudulmayıb. Bu amillər müxalifətin cəmiyyətdə dəstək qazanmasını çətinləşdirir. Paşinyanın öz çıxışında da qeyd etdiyi kimi, Ermənistanın əvvəlki siyasi xəttindən imtina etməsi, xüsusilə Müstəqillik Bəyannaməsi ilə bağlı məsələnin dəyişdirilməsi asan proses deyil. Bu istiqamətdə müəyyən tarixi və siyasi faktorlar mövcuddur. 

Paşinyanın da etiraf etdiyi kimi 1870-ci ildən erməni cəmiyyətinə “turk, turk, turk” deyərək xof yaradıb, qorxu altında saxlayıblar. Bütün bu yanaşmaların dəyişdirilməsi bir gündə baş verə biləcək proses deyil. Lakin reallıq da var və Ermənistan cəmiyyəti getdikcə həmin reallığı qəbul edir. Paşinyan da bunu açıq şəkildə ifadə edir: “Mmüharibə göstərdi ki, Ermənistanın müttəfiqi yoxdur. Nə Avropa, nə ABŞ, nə də Rusiya müharibə zamanı bizə dəstək verdi. Buna görə də əvvəlki siyasətdən imtina etməli, köhnə yanaşmaları kənara qoyub yeni Ermənistan qurmalıyıq”.

Araşdırmaçı –jurnalist artıq Ermənistan cəmiyyətinin mövcud reallıqları anlamağa başladığını deyib. Paşinyan müharibədən sonra iki dəfə parlament seçkilərində iştirak etdiyini və hər iki halda qalib gəldiyini xatırladan ekspert hesab edir ki, bu da onun cəmiyyətdə müəyyən dəstəyə malik olduğunu göstərir:

“Paşinyana dəstək Avropa, ABŞ və digər tərəfdaşların Ermənistana göstərdiyi dəstək artdıqca daha da güclənə bilər. Eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması kimi addımlar da müsbət nəticələr verə bilər. Hesab edirəm ki, bu, 2027-ci ildə baş tuta bilər. Hətta 2027-ci ildə Gürcüstan vasitəsilə Azərbaycan qazının Ermənistana nəqlinə başlanması da mümkündür. Bütün bunlar regionda münasibətlərin normallaşmasına və Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşmasına töhfə verə biləcək amillərdir”.

Ekspert Paşinyanın hazırkı hakimiyyət müddəti başa çatana qədər sülhün əldə olunması perspektivinə də münasibət bildirib. O qeyd edib ki, ilk növbədə, Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı referendum məsələsini həll etməyə çalışacaq:

“Əsas məsələ Ermənistan cəmiyyətinin gündəlik həyatında müsbət dəyişiklikləri hiss etməsidir. Əgər vətəndaşlar güzəranlarının yaxşılaşdığını, ölkədə demokratik mühitin formalaşdığını və Paşinyanın verdiyi vədlərin, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirildiyini görsələr, ona dəstəklərini davam etdirəcəklər. Hesab edirəm ki, növbəti parlament seçkilərində də Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hakimiyyətini qoruyacaq və hazırkı siyasi kurs davam etdiriləcək”.