- "Bütün hallarda Paşinyan indiki şəraitdə tələb olunan bütün addımları atıb və bizə ona uğurlar arzulamaqdan başqa bir şey qalmır”
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində proses yeni mərhələyə qədəm qoyur. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində yeni Konstitusiyanın qəbulundan sonra Bakı ilə sülh müqaviləsinin imzalanacağına və ratifikasiya ediləcəyinə söz verib. O, bu məsələyə özünün bütün mənəvi, siyasi və insani etibarlılığını qoyduğunu bəyan edərək, yeni Konstitusiyanın iki ölkə arasında yalnız formal deyil, həm də institusional sülhün təmin olunmasına zəmin yaradacağını bildirib.
Paşinyanın açıqlaması Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunduğu vaxta təsadüf edir. Layihənin preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinadın yer almaması diqqət çəkir. Məhz həmin bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar kimi qiymətləndirilən, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini nəzərdə tutan müddəa mövcuddur. Bakı isə uzun müddətdir bu məsələyə etiraz edir və Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada müvafiq dəyişikliklərin edilməsini vacib şərt kimi irəli sürür.
Paşinyan referendumun nəticələri ilə bağlı siyasi məsuliyyət də götürərək, yeni Konstitusiya layihəsi rədd ediləcəyi təqdirdə istefa verəcəyini, qəbul olunacağı halda isə növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan sülh sazişinin imzalanmasının əsas şərtlərindən biri kimi Ermənistan Konstitusiyasının preambulasında yer alan ərazi iddialarının aradan qaldırılmasını dəfələrlə tələb edib. Onun sözlərinə görə, bu məsələ sülh müqaviləsinin imzalanmasına mane olan əsas amillərdən biri olub:

“İndi yeni Konstitusiya layihəsi artıq müzakirəyə verilib və Ermənistan parlamenti bu layihənin referenduma çıxarılması barədə qərar verməlidir. Ancaq müxalifət bu prosesə qoşulmaq istəmir. Nikol Paşinyan 6-7 müxalifət deputatının referendum layihəsinin səsverməyə çıxarılmasını təmin etməlidir. Bunu hansısa formada, təzyiq və ya şirnikləndirmə yolu ilə həyata keçirməlidir. Yaxud Paşinyan Ermənistan xalqı Konstitusiya layihəsinə səs verməsə, istefa verəcəyini bəyan etməklə müxalifəti həvəsləndirməlidir. Müxalifət isə yenə də buna şübhə ilə yanaşır.
Görünür, Nikol Paşinyan əhalinin Konstitusiya layihəsinə səs verəcəyinə əmindir. Yəni aparılan rəy sorğuları və araşdırmalar da bunu aydın şəkildə göstərir. Onun belə cəsarətli addım atması, referendumu özünə etimad səsverməsinə çevirməsinin arxasında təkcə şəxsi cəsarəti deyil, həm də araşdırmaların nəticələri dayanır”.
Analitik qeyd edib ki, Paşinyanın bundan sonra baş nazirliyə namizədliyini irəli sürməyəcəyinə dair vəd verməsi tamamilə anlaşılmazdır:
“Parlamentli respublikalarda bir şəxs nə qədər dəstək alırsa, bir o qədər də baş nazir ola bilər. Mən hesab edirəm ki, bu, yanlış vəddir. Ancaq hər halda, belə bir vəd veribsə, deməli, onun arxasında da durmalıdır.
Konstitusiyanın qəbulunun, təbii ki, son nəticədə qısa müddətdə sülhün imzalanmasına gətirib çıxaracağı gözləniləndir. Yəni Konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycan-Ermənistan münasibətlərində, şübhəsiz ki, etimadı möhkəmləndirəcək.
Ümumiyyətlə, artıq iki dövlət arasında etimad kifayət qədər yüksəkdir. Bunun arxasında isə Azərbaycan və Ermənistan hakimiyyətlərinin, hökumətlərinin apardığı siyasət dayanır. Təbii ki, burada Paşinyanın da rolu kifayət qədər böyükdür.
Qarşıda çox ağır bir proses dayanır. Paşinyan bu hədəflərə nail ola bilməsə, yenidən parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təmin etmək məcburiyyətində qala bilər. Burada, təbii ki, risk var. Ancaq Paşinyanın özünə əminliyi göstərir ki, o, yenidən seçkilərdə uğur qazanacağına əmindir. Yəni buna inanır və eyni zamanda, müxalifətin də yeni seçiləcək parlamentdə yer almayacağını güman edir. Bütün hallarda Paşinyan indiki şəraitdə tələb olunan bütün addımları atıb və bizə ona uğurlar arzulamaqdan başqa bir şey qalmır”.