Azərbaycan radiosu zəngin tarixi inkişaf yolu boyunca ana dilimizin –Azərbaycan ədəbi dilinin saflığının qorunmasında, orfoepik normalarının formalaşmasında və geniş xalq kütlələrinə aşılanmasında misilsiz rol oynayıb.
Teleqraf xəbər verir ki, bunu Media və Yayım Şurasının rəhbəri Əhməd İsmayılov Bakı Dövlət Universitetində Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan radiosu - 100 Milli Yaddaşdan Rəqəmsal mediaya" mövzusunda Respublika elmi-praktik konfransında çıxışı zamanı deyib.
O bildirib ki, radio nitqi milli nitq mədəniyyətimizin meyarına çevrilib:
"Nəsil-nəsil diktor və jurnalistlərimizin vasitəsilə dilimizin gözəlliyi və zənginliyi yaşadılıb. Səs sənətinin möcüzəsi olan radio dinləyicisi ilə birbaşa, vasitəsiz emosional bağ qurur, insanın təxəyyül dünyasını hərəkətə gətirir və zamanın nəbzini tutmağa imkan verir. Bu gün konfransın proqramında əks olunan bölmələr də radionun çoxşaxəli və zəngin mahiyyətini əhatə edir. Birinci bölmədə müzakirə olunacaq “Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş” mövzusu radionun keçdiyi şərəfli yolu elmi aspektdən dəyərləndirməyə, tariximizin efir salnaməsini bir daha vərəqləməyə imkan yaradır.
İkinci bölmədə yer alan “Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri” mövzusu akademik mühitin media praktikasına verəcəyi töhfə baxımından olduqca vacibdir.
Çünki peşəkar radiojurnalistikanın inkişafı məhz möhkəm elmi-nəzəri bünövrəyə və müasir metodoloji yanaşmalara söykənməlidir. Biz hamımız dərk edirik ki, XXI əsr rəqəmsal texnologiyalar və qlobal transformasiyalar əsridir. Bu reallıq konfransın üçüncü bölməsində öz əksini tapan “Çağdaş radioyayım: rəqəmsal transformasiya, ənənə və müasir çağırışlar” mövzusunda xüsusi aktuallıq kəsb edir. Müasir dövrdə rəqəmsal çağırışların radio formatına təsiri qaçılmazdır. Lakin bu təsir radionun sıxışdırılması və ya aradan qalxması deyil, əksinə, onun ənənəvi funksiyalarının yeni imkanlarla zənginləşməsi deməkdir.
Bu gün podkastlar, onlayn yayımlar, rəqəmsal platformalar və intellektual audiosistemlər radionun dinləyici auditoriyası ilə təmasını yeni keyfiyyət mərhələsinə yüksəldir. Rəqəmsal dövrün radiosu Azərbaycan media məkanı üçün də mühüm inkişaf istiqamətidir. Ən əsası, rəqəmsallaşma ənənələrimizin unudulması kimi başa düşülməməlidir. Əksinə, rəqəmsallaşma bir əsrlik zəngin irsimizin, milli-mənəvi dəyərlərimizin daha böyük auditoriyaya çatdırılması, qlobal media mühitində mövqeyinin möhkəmləndirilməsi və xüsusilə gənc nəslə daha cəlbedici formada təqdim edilməsi üçün misilsiz fürsətdir".