“Şərq” qəzeti 1996-cı ildən etibarən Azərbaycan mətbuatında fəaliyyətini davam etdirir. Bu il 30 illik yubileyini qeyd edən nəşri təbrik edənlərin ardı-arası kəsilmir. Yubiley münasibətilə müxtəlif ictimai-siyasi xadimlər, ziyalılar və tanınmış şəxslər qəzetin kollektivinə təbriklərini çatdırırlar.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz da “Şərq” qəzetini təbrik edib, nəşrin 30 illik fəaliyyəti, Azərbaycan mətbuatındakı mövqeyi və gördüyü işlər barədə fikirlərini bölüşüb:
“Bir qəzetin ömrü yalnız yayımlandığı illərlə ölçülmür. Onun həqiqi dəyəri cəmiyyətin yaddaşında qoyduğu izlə, tarixə verdiyi qeydlərlə və xalqın düşüncə həyatına göstərdiyi təsirlə ölçülür. “Şərq” qəzeti 30 illik fəaliyyəti ilə bu dəyəri qazanan və Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan nəşrlərdəndir.
“Şərq” qəzetinin bu uzun yolunun təxminən 15 ilinə yaxından şahidlik etmişəm. Baş redaktor Akif Aşırlı qardaşımla 2011-ci ildə qəzetin yerləşdiyi Mətbuat Mərkəzindəki otağında tanış oldum. Həmin görüşdə onun Azərbaycan dövləti, xalqı, mətbuat tarixi və Türkiyə-Azərbaycan qardaşlığı üçün gördüyü işlərlə tanış oldum. Xüsusilə Birinci Dünya müharibəsi dövrünə və Nargin adasına dair araşdırmaları məndə dərin təəssürat yaratdı. Bu tədqiqatlar keçmişə sadəcə marağın deyil, tarixi yaddaşı qorumaq və gələcək nəsillərə çatdırmaq məsuliyyətinin ifadəsi idi”.
General bildirib ki, həmin gündən bəri “Şərq” qəzeti ilə əlaqəsi kəsilməyib:
“Geridə qalan illərdə bu qəzetin fəaliyyətini müşahidə etdikcə, onun yalnız gündəlik xəbərləri oxucuya çatdıran bir nəşr olmadığını gördüm. “Şərq” cəmiyyətin yaddaşına söykənən, ictimai məsuliyyət daşıyan və ölkənin mühüm məsələlərinə diqqət yönəldən bir mətbuat məktəbinə çevrildi.
“Şərq” qəzetinin mühüm xidmətlərindən biri də gənc jurnalistlər üçün məktəb olmasıdır. Bu gün Azərbaycan mətbuatında müxtəlif vəzifələrdə çalışan bir çox jurnalistin peşə yolunun “Şərq” qəzetindən keçməsi təsadüfi deyil. Burada gənc qələm sahibləri xəbər hazırlamağı, araşdırma aparmağı, məsuliyyətli jurnalist mövqeyi sərgiləməyi və oxucuya doğru məlumat çatdırmağın əhəmiyyətini öyrəniblər. Belə bir jurnalist nəslinin yetişməsinə verdiyi töhfə “Şərq” qəzetini digər nəşrlər arasında fərqləndirən, ona xüsusi dəyər qazandıran cəhətlərdəndir.
Şahid olduğum 15 ilə yaxın müddətdə “Şərq” qəzetinin Azərbaycan dövlətinin, xalqının, cəmiyyətinin, tarixinin və Türkiyə-Azərbaycan qardaşlığının əleyhinə fəaliyyət göstərdiyini görmədim”.
Keçmiş hərbi attaşe, əksinə, qəzet kollektivinin gecə-gündüz, vaxt və şərait fərqi qoymadan çalışaraq ölkənin milli-mənəvi dəyərlərinə, tarixi həqiqətlərinə və qardaşlıq münasibətlərinə xidmət etdiyinin şahidi olduğunu vurğulayıb:
“Bu fəaliyyətin arxasında yalnız peşəkar əmək deyil, həm də möhkəm bir inam dayanır: mətbuat cəmiyyətə doğru məlumat verməli, araşdırmalı və tarixin yaddaşına məsuliyyətlə yanaşmalıdır. “Şərq” qəzeti jurnalistikanı bu prinsiplər əsasında aparmağa çalışıb. Doğru xəbərləri, araşdırmaları və ictimai mövzulara diqqəti ilə cəmiyyətin düşüncə həyatına töhfə verib, eyni zamanda tarixin yaddaşına qeydlər salıb.
Qəzetin Birinci Dünya müharibəsi və Nargin adası ilə bağlı araşdırmaları da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tarixi hadisələri araşdırmaq, onların unudulmasına imkan verməmək və həqiqətləri gələcək nəsillərə çatdırmaq milli yaddaşın qorunmasının vacib hissəsidir. Bu cür işlər “Şərq”in yalnız günün hadisələrini deyil, xalqın keçmişini və ortaq taleyini də öz məsuliyyət dairəsində gördüyünü göstərir.
Azərbaycan mətbuatının tarixindən bəhs edilərkən “Şərq” qəzetinin 30 illik fəaliyyəti, şübhəsiz, hörmətlə xatırlanacaq. Çünki mətbuat tarixində qalıcı yer tutmaq üçün uzun müddət nəşr olunmaq kifayət deyil; cəmiyyətə sədaqətlə xidmət etmək, peşə prinsiplərini qorumaq, yeni jurnalistlər yetişdirmək və oxucunun etimadını qazanmaq lazımdır”.
Yücel Karauz “Şərq” qəzetinin bu etimadı illər ərzində formalaşdırdığını qeyd edib:
““Şərq” qəzetinin 30 illik yubileyi münasibətilə bu yolda əməyi olan hər kəsi, ilk növbədə, qəzetin baş redaktoru Akif Aşırlı müəllimi və bütün kollektivi ürəkdən təbrik edirəm. Onların bu günə qədər gördüyü işlər gələcək fəaliyyətləri üçün də möhkəm təminatdır.
Əziz Akif müəllim, “Şərq” qəzetinin yolu uzun, ömrü uzun, bəxti açıq olsun. Azərbaycan cəmiyyətinə, Azərbaycan mətbuatına və Türk dünyasına xidmətləri daim olsun. Qoy qarşıdakı illərdə də “Şərq” doğru xəbərləri, sanballı araşdırmaları, yetişdirdiyi jurnalistlər və tarixi yaddaşa sədaqəti ilə oxucularının etimadını doğrultsun”.