Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər

  • Ermənistan və Türkiyə arasında qarşılıqlı ticarət artıq birbaşa rəsmiləşdirilməyə başlayıb.

Sherg.az-ın məlumatına görə, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib ki, əvvəllər iki ölkə arasındakı ticarət texniki və gömrük baxımından üçüncü ölkələr üzərindən rəsmiləşdirilirdi.

Onun sözlərinə görə, fiziki olaraq mallar hələ də əsasən Gürcüstan üzərindən daşınsa da, artıq gömrük rəsmiləşdirilməsi birbaşa Ermənistan və Türkiyə arasında həyata keçirilir.

Mirzoyan həmçinin Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı prosesin yetkin mərhələyə çatdığını deyib. Nazir bildirib ki, sərhədin açılması və diplomatik əlaqələrin qurulmasına istənilən an keçmək mümkündür.

Ermənistan XİN rəhbəri Azərbaycanla formalaşmış sülhün möhkəmləndirilməsi istiqamətində də işlərin davam etdiyini qeyd edib. O, ikitərəfli ticarətin inkişaf etdirilməsi və ərazilərin tranzit daşımalar üçün açılması məsələlərinə toxunub.

Mirzoyan əminliyini ifadə edib ki, TRIPP marşrutunun açılması ilə Azərbaycan yükləri də Ermənistan ərazisindən keçməyə başlayacaq.