- Üzeyir Cəfərov: “Hərbi qulluqçu hara, cərimə hara?”
- “Hərbi qulluqçuya cərimə, xidmət intizamına zərbədir”
Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsində həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olması ilə nəticələnməsi əksini tapıb.
Belə ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, həmin xəta törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin əməllər inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Qüvvədə olan Məcəlləyə görə isə həmin inzibati xəta üçün on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilib ki, məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım hesab oluna bilər. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Dəyişikliyi Sherg.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov təklif olunan dəyişikliyə kəskin etiraz edib. O bildirib ki, hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsinə görə cərimə alternativinin müəyyənləşdirilməsi hərbi xidmətin mahiyyəti və intizam prinsipləri ilə uzlaşmır: 
“Mən doğrudan da söz tapa bilmirəm ki, hərbi qulluqçu hara, cərimə hara? Belə bir təklif irəli sürənlər hərbi xidmətin məsuliyyətini və bu cür pozuntuların ciddiliyini nəzərə almalıdırlar. Hərbi qulluqçu xidmət yerini özbaşına tərk edərək bunun müqabilində yalnız cərimə ilə üzləşəcəyini düşünməməlidir. Hərbi xidmət yerini özbaşına tərk etmək cinayət məsuliyyəti doğuran hal kimi qiymətləndirilməlidir, adi inzibati xəta kimi yox! Hərbi qulluqçu üzərinə götürdüyü xidmət öhdəliklərini yerinə yetirməli, hərbi hissədə və ya təyin olunduğu xidmət yerində olmalıdır. Belə bir pozuntuya görə yalnız pul cəriməsinin tətbiqini nəzərdə tutmaq məsuliyyətin mahiyyətini kölgədə qoya bilər”.
Üzeyir Cəfərov təklifin kimlər tərəfindən irəli sürüldüyünü, eyni zamanda,bu cür təşəbbüslərin büdcə gəlirlərinin artırılması məqsədi daşıyıb-daşımadığını sorğulayaraq Maliyyə Nazirliyinin son dövrlərdəki yanaşmasını tənqid edib:
“Əvvəllər də hərbi qulluqçuların hərbi geyim formasını geyinməsi ilə bağlı icazə sənədi daşımasını nəzərdə tutan qanun qəbul edilib. Görəsən, nə qədər pul yığıldı? Hesabatı verə bilərlər? Rəqəmi yəqin səsləndirsələr, kiminsə gülməkdən, yəqin ürəyi gedər. Hərbi qulluqçunun yol verdiyi hər bir pozuntuya görə məsuliyyəti olmalıdır. Hərbi qulluqçu xidmət yerində öz vəzifələrini icra etməli və üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Hərbi qulluqçu şəxsi səbəblə, məsələn, ailə üzvünün ad günü ilə əlaqədar xidmət yerini özbaşına tərk edə bilməz. Çünki belə bir hal baş verərsə, ölkənin təhlükəsizliyi üçün kritik məqamda hərbi hissədə onun yoxluğu ciddi problemlərə səbəb ola bilər. Xidmət yerini özbaşına tərk etmək hərbi intizam baxımından ciddi pozuntudur və bu məsələyə yüngül yanaşılması yolverilməzdir”.
Polkovnik qeyd edib ki, Azərbaycanın hərbi qanunvericiliyi kifayət qədər ciddi hüquqi bazaya malikdir, lakin bəzən Milli Məclisdə elə təkliflər irəli sürülür ki, adam mat-məəttəl qalır:
“Rus dilindən götürülərək tərcümə olunmuş mətnləri Milli Məclisin plenar iclasına çıxarıb müzakirə edirlər. Qanunvericiliyimizi hörmətdən salırlar. Bir neçə gün əvvəl sualtı qayıqlarda xidmət edənlər üçün fərqli müddətlərin müəyyənləşdirilməsi təklif olunmuşdu. Azərbaycan Hərbi Dəniz Qüvvələrində sualtı qayıqlar mövcuddursa, biz niyə bilmirik!? Xəzər dənizində sonuncu dəfə 1953-cü ildə sualtı qayıq olub, o da kiçik həcmli sualtı qayıqlar olub 53-cü ildən bu yana sualtı qayıq məfhumu yoxdur Xəzər dənizində. Nə İranın, nə Rusiyanın, nə Azərbaycanın, nə Qazaxıstanın, nə də Türkmənistanın. Bizim millət vəkilləri çox rahat şəkildə sualtı qayıq ifadəsini qanuna salırlar. Harda görüblər onlar o sualtı qayıqları? Fikrimcə, qeyd etdiyiniz dəyişiklik də hərbi qanunvericiliyin nüfuzuna xələl gətirər. Bu yanaşmanı ancaq qanunvericiliyə hörmətsizlik kimi qiymətləndirə bilərəm”.