Afyonkarahisarın İhsaniye rayonunda silahlı hücum edən və 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, "Afyon qətliamı"nın şübhəlisi Eskişehirin Seyiqazi rayonunda tutulub.
"Bu gün Afyonkarahisar vilayətimizdə silahlı hücumlar edən cinayətkar vilayətimizin sərhədləri daxilində Jandarm Komandanlığı və Polis İdarəsinin birgə fəaliyyəti nəticəsində sağ olaraq tutulub", - məlumatda bildirilib.
Qanlı hadisə ilə bağlı istintaq davam edir. Qurbanlardan ikisinin müəllim olduğu müəyyənləşib. Aparılan ilk araşdırmalarda həyatını itirən iki müəllimin bir-biri ilə əvvəlcədən hər hansı bir tanışlığı və ya əlaqəsinin olmadığı, sadəcə təsadüf nəticəsində eyni avtomobildə hərəkət etdikləri məlum olub.
21:16
Türkiyənin Afyonkarahisar şəhərində silahlı hücum qeydə alınıb, ölənlər var.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Afyonkarahisarda silahla vurulan 10-a yaxın şəxs həyatını itirib.
Ayazini kəndi ərazisində 3 nəfərin, Kıyır kəndində də 3 nəfərin silahla öldürüldüyü müəyyən edilib. Yukarıtandır kəndində 2 qadın yaralı halda tapılıb. Xəstəxanaya yerləşdirilən qadınları tibbi müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.
İnsidentdə 8 nəfərin öldüyü bildirilib. Ağır yaralı halda tapılan bir nəfərin həyatını itirdiyi barədə Türkiyənin bəzi media orqanları məlumat yayıb və ölü sayının 9-a çatdığı iddia olunub. Lakin bu xəbər dövlət qurumları tərəfindən hələ təsdiqlənməyib.
Şübhəlilərin saxlanılması üçün axtarışlar davam edir.